Deputatın ailəsindəki PROBLEM həll olundu – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisin üzvü Sona Əliyeva ilə qardaşları arasında bu yaxınlarda rəhmətə gedən ataları Sakit Əliyevin mirası ilə bağlı mübahisə yaranmışdı. Deputatın anası Bəşirə xanım Əliyeva “AzPolitika.info”ya müraciətində bu barədə danışmış, qızını qınamış və ona qarşı bəzi ittihamlar irəli sürmüşdü. İki gün əvvəl saytımızda deputatın ailəsindəki mübahisə ilə bağlı qısa xəbər verilmiş, geniş müsahibənin yayıma hazırlandığı qeyd olunmuşdu. Ancaq xəbər dərc olunduqdan sonra saytımızla əlaqə quran millət vəkili, eləcə də mübahisəyə səbəb olan “Murovdağ” Kiçik Müəssisəsinin hüquqşünası ailə üzvləri arasında müəyyən anlaşılmazlığın olduğunu, onun da aradan qaldırılacağını bildirdilər. Deputat Sona Əliyevanın rəhmətlik atasından qalmış mirasa heç bir iddiasının olmadığı, sadəcə ailə üzvləri arasında yaranmış incikliyə görə, bir-birini səhv başa düşdükləri qeyd olundu. Hətta xanım deputatın ailəsinin xeyrinə mirasdan imtina etdiyi də bildirildi. Bu məlumat sonradan ailənin digər üzvləri, o cümlədən saytımıza müraciət edən deputatın anası Bəşirə xanım Əliyeva və qardaşı Asəf Əliyev tərəfindən də təsdiqləndi. Onlar da yaranmış anlaşılmazlığın və incikliyin aradan qaldırıldığını bildirdilər. Buna görə də, mövzunun qapanmasını xahiş etdilər. “AzPolitika.info” saytı Əliyevlər ailəsi daxilində yaranmış problemin həll olunduğunu, incikliyin aradan qalxdığını nəzərə alaraq, mövzu ilə bağlı araşdırma materialını yayımlamaqdan imtina etdi. Dəyərli oxucularımızın da bunu anlayışla qarşılayacağını ümid edirik. Qeyd edək ki, deputatın qardaşı Adil Əliyev də “Qafqazinfo”ya açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.AzPolitika.info