Keçmiş nazir müavini Mirzəyevin bacısı və yeznəsinin MÜƏMMALI QƏTLİ...

Keçmiş nazir müavini Mirzəyevin bacısı və yeznəsinin müəmmalı qətli:

Keçmiş AFFA prezidenti, “Azneftyağ” ın direktoru və energetika nazirinin müavini olmuş mərhum Ramiz Mirzəyevin bacısının və yeznəsinin Tovuz rayonunun Dondar Quşçu kəndində yaşadıqları evdə qətlə qətlə yetirilməsi üzrə cinayət işinin istintaqı rayon prokurorluğundan alınıb. İstintaqı aparmaq Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilib. Bu barədə virtualaz.org saytına Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Xatırladaq ki, bu cəmi 10 gün ərzində mərhum Ramiz Mirzəyevin ailəsində baş vermiş ikinci dəhşətli faciədir. Fevralın 15-də R.Mirzəyevin yeganə oğlu, 33 yaşlı Anar Mirzəyevin idarə etdiyi avtomaşın Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində su kollektoruna aşıb. Bu zaman A.Mirzəyevlə birlikdə ova gedən iki əmioğlusu sudan sağ-salamat çıxa bilirlər. Lakin sükan arxasındakı A.Mirzəyev boğularaq ölüb.

İlkin ehtimala görə, avtomobilin qapıları bloklanıb, pəncərədən çıxmağa isə onun cüssəli bədəni maneçilik törədib. FHN xilasediciləri onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxardıb ailəsinə təhvil verdikdən sonra A.Mirzəyev Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub.

Bu faciədən cəmisi on gün sonra Mirzəyevlər ailəsində daha bir faciə yaşanıb. Bu dəfə isə R.Mirzəyevin bacısı Pakizə Mirzəyeva və onun həyat yoldaşı Fərman Məmmədov öz evində qəddarcasına qətlə yetirilib. Qatil (yaxud qatillər) ahıl yaşlı ər-arvadı öldürdükdən sonra izi itirmək məqsədilə mənzilə od vurub. Bununla mənzildə yanğın görüntüsü yaradılıb. 73 yaşlı F.Məmmədov meyiti divanda, 68 yaşlı həyat yoldaşı P.Mirzəyeva isə ağzı və əlləri skoçlanmış vəziyyətdə çarpayıda aşkarlanıb.

Qətlin qarət və qisasçılıq zəmindində baş verdiyi hələlik məlum olmasa da, mərhumların maddi cəhətdən imkanlı olduqları bildirilir.

Mirzəyevlər ailəsinin üzləşdiyi bu faciələrin arxasında nə kimi sirrlər dayanır? Arda-arda yaşanan ölüm hadisələrinin bir-biri ilə hər hansı bağlantısı varmı?

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org saytına açıqlamasında bildirib ki, Tovuz rayon prokuroluğlunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub.

”Faktla bağlı cinayət işi başlanılıb. Hazırda cinayəti törətmiş şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları məqsədilə tam, hərtərəfli və obyektiv istintaq aparılır”-E.Sultanov bildirib.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə E.Sultanov bildirib ki, iş üzrə istintaq müxtəlif fərziyyələr ətrafında zəruri və təxirəlaslnmaz istintaq tədbirləri davam etdirir.

Baş vermiş faciə ilə qətl hadisəsi arasında hər hansı bir əlaqənin olub-olmamasına gəlincə isə baş prokurorluğun sözçüsü “yalnız istintaqın nəticəsindən asılı olaraq bu məsələyə münasibət bildirək mümkündür, cinayətin üstünün açılması ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir”- deyib.

Qeyd edək ki, R.Mirzəyev 1954-cü ildə Tovuzda anadan olub. 1997-ci ildən 2006-cı ilə qədər "Azneftyağ"ın direktoru işləyib. 2006-cı ildə sənaye və energetika nazirinin müavini təyin olunub. 2003-cü ildən isə AFFA prezidenti postunu tuturdu. Ramiz Mirzəyev Bakının Xətai rayonundan hakim partiyanın namizədi kimi deputat da seçilmişdi. 2007-ci ildə o, xərçəngdən vəfat edib. R.Mirzəyev xeyriyyəçilik fəaliyyəti, ehtiyacı olanlara əl tutması ilə tanınırdı.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olub.
 






Fikirlər