LƏYAQƏTLİ alternativ: QÜDRƏT HƏSƏNQULİYEV!

Ləyaqətli alternativ: Qüdrət Həsənquliyev!

Qüdrət Həsənquliyevdən yazmaq ən azı ona görə vacib və lazımdır ki, həm namizədlik iddiasında olanlara nümunə kimi, həm partiya sədri -siyasətçi kimi mübarizliyi, həm də millət vəkili - xalq nümayəndələrindən təşkil olunan elektoratı baxımından deməyə kifayət qədər önəmli keyfiyyətləri var.

Əvvəla, ondan başlayaq ki, Qüdrət Həsənquliyevin özünə də gün kimi aydındı ki, bu dəfə də Prezident... o olmayacaq! Amma məqamın gözəlliyindən biri bu ki... əgər İlham Əliyevin özünün və varisinin namizədliyi irəli sürülməzsə, o halda qeyd-şərtsiz siyahıda olan rəqiblərin ən şanslısı və həm də ən real namizəddi!

Bütün siyasi fəaliyyəti boyunca heç vaxt olduğu cəbhəyə və cəbhəyə qarşı da, cəbhənin içində də çirkli oyunlarda olmayıb!

Əvvəlki AXC-dən ayrılan Qüdrət Həsənquliyev ayrılmağını da, ittihamlarını da əxlaq çərçivəsində edib və indi "troll" dediyimiz, onda "yurd"daş sayılanların heç birinin təhqiramiz yazılarını kinə, nifrətə, düşmənçiliyə çevirməyib!

Siyasətçi, prezidentliyə namizəd üçün əsas və ilkin şərtlərdən biri - səlahiyyət və görəv yiyəsi olduğu halda, rəqiblərindən qisas almamaq!

Bu Qüdrət Həsənquliyevdə var. İndi uzağı, uzağı, vur-öldür bir jurnalist tapılar ya tapılmaz ki, Qüdrət Həsənquliyevi özünə düşmən bilsin və yaxud da Qüdrət Həsənquliyev hansısa jurnalisti şəxsi prizmadan düşmən saysın. O cümlədən də siyasi rəqibləri. Bəli, dartışmalar, polemikalar, siyasi təbəddülatlar və tərəddüdlər burulğanında çarpazlaşan, kəsinləşən, danışıq masaları, sayt və qəzet redaksiyaları döyüş meydanlarına çevrilən dönəmlər olub. İstənilən halda sonucda dövlətçilik maraqları nəzərə alınaraq, sorunlara son qoyulub. Fərdi, şəxsi, qrup və partiya marağı baxımından nonsenslər olmayıb, cüzi olanlarsa siyasətin imkan verdiyi əxlaq və mübarizə kodeksi çərçivəsində nizamlanıb!

Həm partiya sədri, həm də millət vəkili kimi, "qatıqlama-quşlama" proseslərində Qüdrət Həsənquliyev və komandası qeybətin, "dedim-dedi" janrının əndazəsindən o yanda olub!

Patriotik çıxışlar, bleflər, pafos gərəkəndə səslənib - dövlətçilik tələb edəndə!

Qüdrət Həsənquliyevin siyasi əxlaq və konstruktiv müxalifətçilik kriteriyalarına tam cavab verən fəaliyyəti, səmimi deyək, heç kimdə qıcıq, ironiya, ikrah yaratmır - nə opponentlərdə, nə də xalq kütlələrində! Əlbəttə ki, narazılar da yox deyil - bu narazılıq qrup və şəxsi ambisiyalar çərçivəsində sərgilənir. Ki... bu da anlaşılandı!

Qüdrət Həsənquliyev siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. Bunu həm də siyasi və milli-mental dəyərlər baxımından haqq edən bir aday!

Ədalət və haqq naminə Qüdrət Həsənquliyevin haqqında deyiləsi ən böyük söz onun əxlaqıdır! Xəyanətkar olmamasıdır - nə özünə, nə silahdaşlarına, eləcə də ümumilikdə seçicilərinə. Həbsə alınan, həbsdə olan, üstünə gedilən bütün əqidə və mübarizə silahdaşlarını hər zaman qoruyub. Şəxsi mübarizəsinə don geyindirib ictimai dəstəkdən yararlanmayıb. Təxminən 30 il eyni statusda və xarakterdə olmaq özü də indiki qarışıq dönəmdə böyük siyasi plyusdur!

Ədalət və haqq prinsipinə əsir düşüb, obyektivlikdən uzaq düşməmək üçün ehtiyac var etiraf etməyə: bəzən Qüdrət Həsənquliyevə qarşı haqsız iradlar, hücumlar olanda,yersiz və gülünc ittihamlar səslənəndə çılğın tərəfdarları da "bostanlara güllə atmaqdansa", "tank, təyyarə arsenalı"nı da işə salıblar. Olub bunlar. Ancaq heç bir halda Qüdrət Həsənquliyev siyasi etikanı və əxlaqi dəyərləri qırmızı xəttə çatdırmağa imkan verməyib.

Obyektivlik naminə onu da deyək ki, balansımızın pərsəngi düzəlsin: Qüdrət Həsənquliyev bir zamanlar yaxşı olduğu, həbsdə olan dostlarının, əqidədaşlarının köməksiz qalan ailələrinə yardımçı olduğu halda belə üzüdönüklər çox nanəcib və kişiliyə sığmayan metod və böhtan olduğu qədər də iyrənc ittihamlarla üstünə gəliblər - demokratiya şarlatanların silahına çevrilib.

Bax bu məqamda da prezidentliyə namizəd kimi aktivində plyusu var Qüdrət Həsənquliyevin - heç bir halda məhkəmə çəkişməsini kişiliyinə sığışdırmayıb.

Prezidentliyə namizəd həm siyasətçi olmalı, həm savadlı olmalıdı, həm də və ilk növbədə cinsindən asılı olmayaraq, kişi olmalıdı.

Alternativ rəqiblərin üstündə müqayisələr apara bilərsiniz və dediklərimizin həqiqiliyinə əminlik üçün bu yetərli olar!

Bu  xalqın bir dairə üzrə Qüdrət Həsənquliyevin boynunda mandat və etimad haqqı varsa, Qüdrət Həsənquliyevin 30 illik xalq və həm də konstruktiv müxalifətçi olaraq dövlət qarşısında xidməti var!

Razılaşaq! Razılaşaq ki, prezidentliyə namizəd sadaladığımız keyfiyyətlərə malik biri olmalıdı və Qüdrət Həsənquliyev ən azından bunu ona görə haqq edir ki, nə iqtidar, nə müxalifət, nə də xalq tərəfindən söyülən digərlərindən deyil!

Qrup və partiya marağından siyasətçilərin "söyülməsi" dünya praktikasında da var və münsif xalqın tərəzi olan gözüdür.

Qüdrət Həsənquliyev çəkidə ağır adaylardandır!

Biz niyə Qüdrət Həsənquliyevə səs verərdik, əgər ölkənin faktiki prezidenti alternativ olmasaydı?

Biz niyə Qüdrət Həsənquliyevə inanırıq və dəstəkləyirik?

Biz nədən seçimimizi bu ad üstündə edirik - hansı siyasi töhfələrinə görə?

İlk növbədə siyasi səbatına görə - ölkənin iqtisadi inkişafı və siyasi sabitliyi xarici və xaricdən maliyyələşən daxili antimilli qüvvələrin pozuculuq fəaliyyəti müqabilində öz xalqının və öz dövlətinin yanında olmasına görə!

İnam da, etimad da məhz buna görədir. Hər bir siyasətçinin öz xalqına, öz dövlətinə verdiyi, verə biləcəyi ən böyük töhfə onun siyasi-iqtisadi, ictimai-sosial sərhədlərini toxunulmaz saxlamaq məharətidi!

Seçki dəyərli namizədlərlə önəm kəsb edir! Daha güclü rəqib həm də bu mübarizədə ləyaqətli və mərd alternativlərin əlindən qoparırsa qələbəni, onda bu ikiqat zövq verir!

Aydın Canıyev, aktual.az üçün






Fikirlər