Qüdrət Həsənquliyevə İMZA toplanılır - FOTOLAR
"Partiyanın yüzlərlə üzvü prosesə cəlb edilib” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti iclası olub. Bu haqda Musavat.com saytına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, BAXCP Ali Məclisinin növbəti iclası partiyanın lideri Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkilərində iştirakı və seçki məcəlləsində namizədin qeydə alınması üçün nəzərdə tutulan 45 000 imzanın toplanmasına həsr edilib: "Ənənəvi olaraq partiyanın sədri Qüdrət Həsənquliyev ali məclis üzvləri və rayon şöbə sədrləri qarşısında ölkənin icitimai-siyasi vəziyyəti ilə bağlı çıxış etdi. Seçkidə iştirakın siyasi partiya üçün son dərəcə önəmli olduğunu bildirən Qüdrət bəy BAXCP-nin zəngin seçki təcrübəsinin olduğunu və bütün imkanlarımızla seçkidə iştirak edəcəyini bildirdi. Daha sonra BAXCP-nin 60 rayon şöbəsi arasında 45 000 imzanın bölüşdürülməsi prosesini həyata keçirtdik. BAXCP 45 000 imzanı qanunvericilikdə nəzərdə tutulan 60 seçki dairəsindən deyil, 92 seçki dairəsinin ərazisindən toplayacaq. Çünki bizim 60 rayon şöbəmizin imkanları var ki, 92 dairədən 45 000 imzanı toplayaq. 45 000 imzanın toplanması BAXCP kimi güclü bir müxalifət partiyası üçün çox da çətin deyil. Və təsadüfü deyil ki, keçən prezident seçkilərində uzun müddətli müşahidə aparan beynəlxalq təşkilatlar imza toplama kampaniyasını qapı-qapı gəzib imza toplayan 3 partiyanın adını qeyd etmişdilər və bu 3 partiyadan biri də BAXCP idi. Beynəlxalq təşkilatar öz hesabatlarında Qüdrət Həsənquliyevin topladığı imzaların real olduğunu qeyd etmişdilər. Bizim böyük potensialımız və təcrübəmiz var ki, imza toplamanı yaxın zamanlarda yekunlaşdıraq. Artıq bu işə partiyanın yüzlərlə üzvü cəlb edilib".