JURNALİSTLƏR Akademiyanın PREZİDENTİNƏ MÜRACİƏT etdilər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistləri təhqir edən açıqlamaları ilə mediada hadisə yaratdı. Saytımızın əməkdaşının suallarını cavablandırmaq əvəzinə akademik elmi nailiyyət və elmi dünyagörüşü ilə deyil, söyüş və təhqirləri ilə aparılan müzakirələrin episentrində dayandı. Jurnalistlərə ünvanlanan təhqir dolu ifadələr həmkarlarımız tərəfindən müxtəlif şəkildə cavabını aldı. Kənardan fərqli fikirlər səsləndi, hətta Modern.az olaraq qınanıldıq ki, niyə o direktora öz səviyyəsində cavab vermədik. Hər kəs öz fikrini öz səviyyəsində ifadə edir. Ona görə də biz söyüş, təhqir yolunu seçmədik. Daha doğrusu seçə bilmədik. Bu, bizim tərbiyəmizə, düşüncəmizə, fəaliyyətimizə uyuşmur. Düşündük ki, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəırliyi var. Akademiya rəhbərliyi bu məsələni həll edər. Ötən həftənin beşinci günü baş verən bu biabırçılığa Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hələ də bir reaksiya yoxdur. Məntiqlə belədə belə bir nəticəyə gəlirik ki, yəqin Akademiya rəhbərliyi institut direktorlarına şərait yaradır ki, onlar jurnalistləri təhqir etsinlər. Biz Modern.az olaraq buradan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə müraciət edirik. - Hörmətli Akif Əlizadə! Sizin Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsindən xəbəriniz varmı? Mütləq xəbəriniz var. Çünki əməkdaşınız bu “qəhrəmanlığı” ilə az qala ölkə gündəmini zəbt etdi. Ancaq tabeliyinizdə olan institut direktorunun yaratdığı bu biabırçı olaya münasibət sərgiləməməyiniz bizim üçün o biabırçlıqdan daha məyusedicidir. Doğrudanmı, Akademiyada bu kimi məsələlər adi haldır. Doğrudanmı, bir ölkənin jurnalistlərini təhqir edən institut direktoruna “gözün üstündə qaşın var” deyilmir. Doğrudanmı, bu böyüklükdə biabırçılığın qaşılığında Siz tərəfdən heç olmasa kiçicik bir üzürxahlıq yoxdur. Doğrudanmı, jurnalistlər sizin nəzərinizdə o direktorunuzun dediklərinə layiqdilər. Münasibət bildirməməniz bizdə Akademiya barədə əsaslı olaraq mənfi fikirklər yaradır. Bu gün Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun bu təhqirlərinə görə məhkəməyə müraciət edəcəyik. Direktorunuzun səs yazısını da məhkəməyə verəcəyik. Sonrakı proseslər barədə də Sizlərə elə bu məkanda məlumat verəcəyik.