PROFESSOR Prezidentin KÖMƏKÇİ və DOSTLARINI söydü
AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov mətbuata açıqlamasında deyib ki, bütün jurnalistlər küçükdür. Yəni, təxminən belə deyib. Sitatı daha ağırdır, deyir: “Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında deyib ki, jurnalistlər mənim köməkçilərim, millətin təəssübkeşləri, dövlətin dostlarıdır. İndi Ramiz müəllimin sözlərindən belə çıxır ki, prezidentin köməkçiləri, millətin təəssübkeşləri, dövlətin dostları - küçüklərdir. *** İnstitut direktorları jurnalistlərdən çox maaş almır. Amma həmin direktorların çoxu villalarda yaşayır, jurnalistlərin bir çoxu isə yataqxanalarda, kirayələrdə. Maraqlıdır, gündə 3-4 saat iş otağında oturub, sonra istirahətə gedən bu direktorlar villanı hansı pulla alır? Bu villalı professor hansı haqq, ədalət, vicdan və əxlaqla özündən çox işləyən və ondan çox maaş almasına baxmayaraq, kirayədə yaşayan jurnalisti “küçük” adlandıra bilər? *** Ramiz Məmmədov bütün jurnalistləri “küçük” adlandıraraq, bilavasitə öz timsalında bütün alimlərin şəxsiyyətini təhlükə altında qoymuş oldu. Çünki sabah eyni təfəkkürlə hansısa jurnalist bütün alimləri təhqir edə bilər. Ən pisi də odur ki, bu “küçük” təhqirinin bir ucu görkəmli ziyalı, islam dünyasının ilk təbiətşünas alimi, böyük jurnalist Həsən bəy Zərdabiyə də gedib çatır. Bu hələ hamısı deyil. Azərbaycan mediasında kifayət qədər ciddi işlər görmüş, araşdırmalar aparmış nüfuzlu jurnalistlər var ki, onların çeçələ barmağının yazdığını bizim bəzi institut direktorlarının başı bilmir. Bunlardan bir qismi də ölkə başçısının Sərəncamı ilə “əməkdar jurnalist” adına layiq görülüb. Yəni Ramiz Məmmədov həm də prezidentin verdiyi fəxri adı təhqir etmiş oldu. *** Dünya alimləri bəşəriyyətin tarixini dəyişdirən kəşflərə imza atır. Bizim alimimiz isə kriminal avtoritet təfəkkürü ilə yaşayır və danışır. Ona görə də elmimizin adı heç it yox e, “küçük dəftəri”ndə də yoxdur. *** Tarix müxtəlif dövrlərdə insanlara şərait yaradır ki, onlar öz mahiyyətlərini ortaya qoysunlar. Hər insana həyatda mütləq bir dəfə şans verilir ki, o özünü biabır eləsin. Ramiz müəllim ömrünün ahıl yaşında taleyinin ona verdiyi bu “şans”dan maksimum istifadə etdi. *** Sabah Mart soyqırımı günüdür. Ramiz bəyin “küçük” dediyi jurnalistlər bu soyqırım və şəhidlər haqda yazılar, araşdırmalar hazırlamaq üçün yatmayacaq, soyqırım günü iş olmadığını “əsas gətirən” villalı ziyalıların bir çoxunun telefonuna zəng edəcək, onlar da kefinə gəlsə, telefonu açacaq və bir-iki cümlə ilə danışacaq. Jurnalist onun bir-iki cümləsindən yekə bir xatırlatma ilə material yazacaq, redaktə edəcək, villasında kefini çəkən alimin yaxşı bir fotosunu tapacaq, onu gözəl adla təqdim edəcək, sosial şəbəkədə paylaşacaq ki, erməni vəhşiliyini dünyaya çatdırsın. Hansı pullarla aldığı bilinməyən villasında şellənən professor isə bu təbliğatın aparıcı qüvvəsi kimi tanınacaq, “şiklini” görənlər onun dövlət, millət, xalq üçün çalışdığını düşünüb, hörmətini saxlayacaq. Müqayisə ilə fikrimi izah edə bildimmi? Bu tip professorla media işçisinin cəmiyyət və dövlət üçün fərqini gördünüzmü? *** Ramiz bəy hansı elmi fəaliyyətinə görə dünyada məşhurdur? Hansı böyük elmi kəşfi ilə Azərbaycanı silkələyib? Bilmirəm. Ancaq adamın açıqlamaları onun hansı İQ sahibi olduğunu, elmini, səviyyəsini, düşüncəsini ortaya qoyur. Hansısa bir jurnalistin onun sözünü təhrif etdiyinə görə bütün medianı “küçük” adlandıracaq qafa sahibi hansı analitik, elmi araşdırmalar apara, düzgün nəticələr çıxara bilər? *** Azərbaycana qarşı olan qüvvələr barmaqla sayılacaq bir neçə ünsürü ortaya atıb, “söyüş texnologiyası” hazırlayıb, xalqın heysiyyatı ilə oynayır; dövlətə, dövlətçiliyə, millətə qarşı bir təxribat sezilir. Bunun qarşısına media təmsilçiləri çıxır – sabah “söyüş texnoloqlarının” hədəfinə çevriləcəyini bilə-bilə, “mən söyülənlərdən artıq deyiləm” deyə-deyə, bu üfunətin əhalinin ürəyini bulandırmasının qarşısını almaq üçün bu “virtual üfunətə” “virtual kanalizasiya” çəkə-çəkə. Və budur: Ramiz bəy də bu tərəfdən başladı. “Kitabi-Dədə Qorqud”da Bamsı Beyrək Aruza necə deyir: “Aldadıb ər tutmaq...” Ramiz bəy, siz bu təhqirləri kimdən öyrəndiniz? *** Əlbəttə, media Ramiz bəyə ona görə müraciət edir ki, o mötəbər qurumun təmsilçisidir. Onu təmsilçi edən isə AMEA, hörmətli Akif Əlizadədir. Sözümüz Akif müəllimədir: Bu adamı hansı İQ-sinə görə institut direktoru təyin etmişiniz?