QƏRBİ KASPİ Universiteti REGİON məktəblərində ROBOTotexnika TƏLİMLƏRİ keçəcək

Qərbi Kaspi Universiteti Texnoparkı aprel ayından başlayaraq hər həftə ölkənin müxtəlif rayonlarında məktəblilər üçün praktiki olaraq robototexnika təlimlərinə start verəcək. 

AzerTaym.az xəbər verir ki, "Məktəbli mühəndislər” layihəsi çərçivəsində keçiriləcək təlimlərin məqsədi texnologiya mühəndisliyi ixtisaslarının məktəblilər arasında təbliği və robototexnika mühəndisliyinə marağı olan şagirdlərdə baza bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. 
Layihə çərçivəsində Robototexnika Klubunun üzvləri müəllimləri ilə birgə bölgələrdə yerləşən rayon-kənd məktəblərinə gedərək, orada şagirdlərə təlim keçəcək, eləcə də praktik olaraq LEGO robotları üzərində işləməyə şərait yaradacaqlar.
Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən etibarən Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər.
 Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

 






Fikirlər