Məktəblilərin ROBOTLARI döyüşəcək

Məktəblilərin robotları döyüşəcək

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən LEGO Sumo robototexnika olimpiadasının finalı bu həftənin şənbə günü baş tutacaq.

"AzerTaym.az" xəbər verir ki, olimpiadaya paytaxt məktəbliləri ilə yanaşı, Gəncə, Şirvan, Ağsu və Sumqayıtdan olan 100-dək region məktəbliləri də qatılıblar. Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəbli 6 komanda şəklində finala vəsiqə qazanıb.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilir.

Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlayır və robotunu döyüşə çıxarır.

Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılması və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Olimpiadanın final döyüşləri universitetin Əhməd Rəcəbli 3 ünvanında yerləşən yeni tədris binasında saat 09.00-da başlayacaq.






Fikirlər