HÖKÜMƏT VƏ VAXT İSTEFAYA GÖNDƏRİLƏCƏK?

Hökumət nə vaxt istefaya göndəriləcək?

Dünyada yeni seçilmiş prezidentlərin and içərək öz fəaliyyətlərinə başlamaları müəyyən vaxtdan sonra baş tutur.

ABŞ, Rusiya kimi dövlətlərdə yeni seçilən prezidentin andiçmə mərasimi seçkilərdən bir neçə ay sonra keçirilir.

Bu prosedur hər bir ölkənin müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycanda da aprelin 11-də prezident seçkiləri keçirilib. Yenidən prezident seçilmiş İlham Əliyevin and içərək yeni dönəmə başlayacağı, həmçinin Nazirlər Kabinetinin yenidən formalaşdırılacağı tarix maraq doğurur.
AzerTaym.az xəbər verir ki, hüquqşünas, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "Yeni Müsavat”a açıqlamasında deyib ki, bu  proses Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir.
Belə ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir: "Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Azərbaycan Ana Yasasının 102-ci maddəsinə görə, ”Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir".
Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır".
Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Konstitusiyada yeni kabinetin formalaşdırılması müddəti qeyd olunmasa da, baş nazirin təyinatı müddəti əksini tapıb. Belə ki, ali sənədin 118-ci maddəsinə görə, baş naziri Milli Məclisin razılığı ilə ölkə prezidenti təyin edir: "Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər”.






Fikirlər