Azərbaycan HÖKUMƏTİ YENİDƏN TƏŞKIL olunacaq
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildikdən sonra yeni seçilmiş dövlət başçısı vəzifəsini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib. Deputat bildirib ki, Konsitutsiyanın 116-cı maddəsində göstərilib ki, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. “Prezident seçilən hər bir şəxs yenidən öz komandasını formalaşdırmalıdır. Həmçinin, Konsitutsiyanın 114-cü maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Yəni hər bir halda bu baş verir. Bunu də nəzərə alaq ki, Azərbaycanda prezident nəinki dövlət başçısı, həm də mərkəzi icra hakimiyyətinin başçısıdır. Ona görə də icra hakimiyyəti və Nazirlər Kabinetinin tərkibini özü müəyyən edir”. Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. AzerTaym.az
MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.
Beləliklə, aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərin nəticələri bəlli olandan sonra Baş nazir Artur Rasizadə də daxil olmaqla hökumət tam tərkibdə istefaya gedəcək. Nazirlər Kabineti yenidən formalaşdırılacaq.