PARLAMENT MÜXALİFƏTİndən növbədənkənar SEÇKİ QƏRARINA REAKSİYA

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xatırladaq ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinin oktyabr ayında baş tutacağı gözlənilirdi.

Modern.az saytı  növbədənkənar seçkilərlə bağlı  Milli Məclisdə fəaliyyət göstərən müxalifət partiyalarının sədrlərinin fikirlərini öyrənib.

Deputat Fazil Mustafa, Böyük Quruluş Partiyasının başqanı:
 
Bu, prezidentin hüququ idi və gerçəkləşdirdi. Həmçinin, bu istiqamətdə addımların atılması gözlənilirdi. Sadəcə olaraq, konkret vaxt bilinmirdi. Əsasən də 2025-ci ildə parlament seçkiləri ilə prezident seçkilərinin üst-üstə düşməməsi  üçün çox güman ki, belə addım atılıb. Gələcəkdə yəqin ki, vaxt məsələsinin aprelə keçirilməsi ilə əlaqədar Konstitusiyada dəyişikliklərin olması mümkündür”.

Deputat Tahir Kərimli, Vəhdət Partiyasının sədri:

Bildiyiniz kimi növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb. Bu, prezidentin müstəsna səlahiyyətidir. Konstitutusiyanın 104-cü maddəsinə əsasən, prezidentin səlahiyyətləri müəyyən işlə bağlı vaxtından əvvəl başa çatırsa, həmin hallarda seçki təyin olunur. Hazırda məsələni yalnız Konstitusiya qanunları ilə izah etmək mümkündür.

 İndiyə kimi 5 il müddətinə prezident seçkiləri keçirilirdi. Bundan sonra 7 il müddətinə seçiləcək. Eyni zamanda, vaxtından əvvəl seçki təyininin özünün də əsasları var. Birinci halda Azərbaycan Respublikasının prezidenti öz istefa ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edir, məhkəmə qəbul etdiyi  halda, istefa verdiyinə görə o, vəzifədən getmiş sayılır. Yaxud  qanuna əsasən, prezident öz vəzifələrini icra edə bilməyəndə Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edir və müvafiq qərar verilir. Lakin bu sadaladığım halların heç biri mövcud deyil.

Qeyd edim ki, bu gün işə başlayan Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında da İlham Əliyevin namizədliyi müzakirə edilib. Partiyamız adından onu təbrik edirik və hər zaman dəstək olduğumuzu bildirmək istəyirik”.
Deputat Araz Əlizadə, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri:

Düşünürəm ki,Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi normal qərardır. Bilirsiniz, məsələnin xırdalıqlarını bilmirəm, amma uzatmaq da lazım deyil. Qərar verilib və mən də bunu dəstəkləyirəm”.

 






Fikirlər