KİV HAQQINDAKI QANUNA DƏYİŞİKLİK edilir
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir. AzerTaym.az-ın məlumatına görə, qanunun 21-ci maddəsinə (kütləvi informasiya vasitələrinə sponsorluq) dəyişiklik təklif edilir. Belə ki, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. “Reklam haqqında” qanuna uyğun olaraq reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının reklamvericinin, sponsorun adı və loqosunun yerləşdirilməsi reklam hesab olunur. Sponsor reklamı “Reklam haqqında”qanuna uyğun olaraq yayımlanır. Bundan əlavə qanunun 45-ci maddəsinə (Təkzib, cavab və düzəliş verilməsi qaydası) də dəyişiklik təklif edilir: Yeni təklifə görə, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur. Qanun layihəsinə dəyişiklik Milli Məclisin İnsan hüquqları komitəsinin aprelin 20-də keçiriləcək iclasında müzakirə ediləcək.