QƏRBİ KASPİ UNİVERSİTETİ məktəblilər arasında MÜSABİQƏ keçirdi

Qərbi Kaspi Universiteti bu ilin fevral ayında məktəblilər arasında elan etdiyi esse müsabiqəsinə yekun vurub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunmuş müsabiqəyə 100-dən artıq məktəbdən 300-ə yaxın məktəbli müraciət edib, onlardan 200-ə qədər esse müəllifinin yazısı müsabiqə şərtlərinə uyğun olduğu üçün ikinci mərhələyə buraxılıb.

Universitetin filoloq müəllim və professor heyətindən ibarət münsiflər heyətinin qiymətləndirməsindən sonra ilk 3 yerin qalibi məlum olub.

Qaliblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Andris Leitas məktəbliləri təbrik edib, onlara təhsillərində və gələcək həyatlarında yeni uğurlar arzulayıb.

Rektor  Qərbi Kaspi Universitetinin məktəblilərin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirdiyini diqqətə çatdırıb, qeyd edib ki, hazırda universitet Bakı və region məktəblilərinin iştirakı ilə robototexnika təlimlərini davam etdirir.

Qərbi Kaspi Universitetində son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. “Artıq Texnoparkda məktəblilərin də iştirakı ilə işlənən layihələrdən biri Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb” – deyə rektor əlavə edib.

Universitetin müəllimi, tanınmış şair Vaqif  Bəhmənli qiymətləndirmə meyarları müsabiqənin gedişi və nəticələri barədə məlumat verib.

Daha sonra tədbir qaliblərin mükafatlandırma mərasimi keçirilib, qaliblərə hədiyyə və sertifikatlar təqdim edilib.

Sonda Qərbi Kaspi Universitetinin tələbələrinin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

 






Fikirlər