““QARABAĞ mitinqi”ni Paşinyanın mitinqləri ilə müqayisə edirlər” – Akif Nağı
Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı (QAT), Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiya, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Qeyd edək ki, QAT Bakı Şəhər İcra Hakimiyyətinə müraciət zamanı 10 min nəfər iştirakçının olacağı barədə məlumat vermişdi. Mitinqdə gözləniləndən qat-qat az insanın iştirak etməsi sosial şəbəkələrdə və mətbuatda müzakirə obyektinə çevrildi. QAT sədri Akif Nağı isə mitinqdə az insanın iştirak etdiyini düşünmür. O Modern.az-a açıqlamasında bildirib ki, müşahidələrə görə, “Qarabağ mitinqi” 2003-cü ildən bu yana ən izdihamlı mitinqlərdən biri olub: “Minlərlə insan stadionda idi. Halbuki “Qarabağ mitinqi”ni Ermənistan baş naziri Nikol Paşinyanın mitinqləri ilə müqayisə edirlər. Guya bizim mitinqdə az insan iştirak edib. Əslində belə deyil. Əsas məsələ insanların Qarabağın azad olunmasına müsbət reaksiya verməsidir. Hər kəs fikrini, qətiyyətini ortaya qoydu, düşmənə ciddi mesajlar verdi. Bu, ən böyük nailiyyətdir. Mitinqdə Qarabağdan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin daha çox iştirak etməsi xüsusi önəmlidir”. Mitinqdə gənclərin azlıq təşkil etməsi iddialarını isə Akif Nağı da təsdiqləyib. QAT sədri gənclərin “Qarabağ mitinqi”ndə iştirakının yetərli səviyyədə olmadığını deyib: “Düzdür, mitinqdə qrup halında gənclər var idi. Amma ümumi olaraq, gənclərin sayı istədiyimiz səviyyədə olmadı. Bütün bunlara baxmayaraq, iştirak edənlər fəal idilər, mitinqin gedişinə təsir edə bilirdilər. “Qarabağ mitinqi”ndə ən önəmli məqam isə tribunada çıxış edənlər və iştirakçılar arasındakı səmimi ünsiyyət, əlaqə oldu. Hər kəs bir-birini başa düşür, izdiham tribunanı idarə edirdi. Bu, mühüm məsələdir”. Təşkilat sədri onu da qeyd edib ki, bundan sonra da Qarabağla bağlı mitinqlər, tədbirlər davam edəcək: “Qarabağ Azadlıq Təşkilatı daim bu məsələni diqqətdə saxlayır. Bu gün mitinqin nəticələrini müzakirə edəcəyik. Bundan sonra da mitinqlərə və tədbirlərə davam edəcəyik”. Politoloq Elxan Şahinoğlu isə Qarabağ uğrunda ictimaiyyətin artan səsinin digər qüvvələrlə yanaşı hakimiyyətin də maraqlarına cavab verdiyini söyləyib. E. Şahinoğlunun sözlərinə görə, bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir. “Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir. Mən deyərdim ki, YAP-ın özü də Qarabağ mitinqi keçirsəydi bu işin yararına olardı. Bu, danışıqlarda prezidentin əlini gücləndirərdi”. Politoloq mitinqdən öncə hakim partiyanın bu çağırışı dəstəklədiyini, lakin mitinqdən sonra tənqidlərin səsləndirildiyini vurğulayıb. E. Şahinoğlunun fikrincə, bunun iki səbəbi var: “Mitinqdə çıxış edənlərdən bir neçəsi hakimiyyəti sərt tənqid etdi. Aydındır ki, belə mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi. İkinci səbəb bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır. Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyəti narahat edir. Qarabağ ümumi problemdir. Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə, Komitənin özü üçün ikinci mitinqə kifayət qədər insan toplamaq çətin olacaq. Çünki, ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa, mitinqə qatılmaq istəyənlərin sayı azala bilər”.