SHXÇDX-nin yaradılmasının 7-ci ili münasibətilə NİZAMİ rayonunda TƏDBİR KEÇİRİLİB...
"AzerTaym.az" bildirir ki,tədbiri açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Xidmətin yaradılmasının 7-ci ili münasibətilə təbrik edib. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əliyev xidmətin yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığını qeyd edən A.Əliyev Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. O, çıxışında güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli milli ordunun formalaşdığını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini söyləyib. Tədbirdə yeniyetmə-gənclərin hərbi vətənpərvərlik ruhunda hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin böyük rolu və əməyi olduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Xidmətinin yaradılmasının 7-ci ili münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də Xidmətin işçilərini təbrik edərək, xoş arzularını çatdırıblar. Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən hərbi qulluqçular Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları ilə təltif ediliblər, həmçinin Xidmətlə əməkdaşlıq edən bir qrup şəxslər mükafatlandırılıblar.