GƏNCLƏRİMİZ VƏTƏNPƏRVƏR RUHDA FORMALAŞIR - Səfərbərlik Xidmətinin Nərimanov Rayon İdarəsi : ÖZƏL

 

Nərimanovda gənclərlə görüş keçirilib

Bu gün ölkəmiz faktiki olaraq işğalçı ermənistan dövləti ilə müharibə şəraitində yaşayır.

Düzdür, rəsmi olaraq ölkələrimiz arasında atəşkəs rejimi əldə edilib. Amma buna baxmayaraq, cəbhə bölgəsində gedən proseslər mənfur qonşularımızın bu rejimi tez-tez pozduqlarını və elə bu səbəbdən də bizim hər zaman ayıq-sayıq olmağımızın vacibliyini göstərir. Əlbəttə ki, mövcud vəziyyətdə ilk növbədə ölkəmizin müdafiə qüdrətini təmin edən bütün dövlət qurumlarının qüsursuz fəaliyyət göstərmələri tələb olunur. Eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik Xidməti) bütün struktur və şöbələrinin fəaliyyəti bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir.

Etiraf etmək lazımdır ki, ölkə rəhbərliyinin müəyyən etdiyi dövlət siyasətinin yüksək səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mövcud olduğu dörd il ərzində əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə olunub. Bu müddət ərzində Dövlət Xidməti ölkəmizdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi işinə öz töhfələrini verə bilib. Respublikamızda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra əhəmiyyətli tədbirlər görülüb.

Təbii ki, bütün bu işlərin uğurla həyata keçirilməsi üçün Səfərbərlik Xidmətinin ayrı-ayrılıqda götürülmüş hər bir struktur vahidinin və xüsusilə də rayon idarələrinin səmərəli fəaliyyəti zəruri şərt kimi çıxış edir. Qeyd etmək lazımdır ki, bu gün qarşıya qoyulmuş vəzifələrin effektiv icrası baxımından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin fəaliyyəti də son dərəcə qənaətbəxş kimi qiymətləndirilə bilər. İstər rayonun hökumət orqanlarının, istərsə də yerli ictimaiyyətin yekdil rəyi belədir ki, Səfərbərlik Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması kimi işlər yüksək səviyyədə həyata keçirilir. Əslində məhz bu İdarənin işində hansısa ciddi nöqsanların ola biləcəyini gözləmək də doğru olmazdı. Məsələ bundadır ki, bu gün Səfərbərlik Xidmətinin Nərimanov Rayon İdarəsinə rəhbərlik edən Qəşəm Mahmudov özü də odlu-alovlu döyüş yolu keçmiş, Ağdam cəbhəsində gedən döyüşlərdə bir çox şücaətlər göstərmiş peşəkar hərbi kadrlarımızdandır. Təbii ki, belə bir şərəfli döyüş təcrübəsi olan Qəşəm Mahmudovun özü artıq gənclərimizə bir nümunə, bir örnəkdir. Digər tərəfdən isə, gənc nəslin milli-vətənpərvər ruhda formalaşdırılmasına yönəldilmiş tədbirlər də, Qəşəm Mahmudovun təşkilatçılığı ilə Səfərbərlik Xidmətinin Nərimanov Rayon İdarəsində düzgün istiqamətdə və yüksək səviyyədə həyata keçirilir.

“Nərimanovda gənclərlə görüş keçirilib

Elə bu yaxınlarda Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov dövlətimizin ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıb. Daha sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, hərbi xidmətdə göstərdiyi bacarıq, nümunəvi intizam və davranışına, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirdiyinə və xidmət zamanı fərqləndiyinə görə ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərə hədiyyələr təqdim edilib.  

Əlbəttə, bu  cür tədbirlər Səfərbərlik Xidmətinin Nərimanov Rayon İdarəsinin fəaliyyətini əks etdirən sadəcə bir epizoddur. Əsas nəticələr isə, İdarənin gündəlik işi, həm rəhbərliyin, həm də kollektivin birgə səyləri, gərgin əməyi sayəsində əldə olunur.

Biz də bu şərəfli və son dərəcə məsuliyyətli işlərində Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin kollektivinə və şəxsən idarənin rəisi Qəşəm Mahmudova yeni-yeni uğurlar diləyirik.

 Azər Abdul.

 






Fikirlər