17.07.2014.- SÖZLƏ ƏMƏLİ FƏALİYYƏTİN VƏHDƏTİ!
Son dərəcə etibarsız olan və ermənilər tərəfindən tez-tez pozulan atəşkəs rejimi nə qədər uzun müddət davam etsə də, bunun da müvəqqəti hal olduğu hər kəsə bəllidir.
Azərbaycan ordusunun erməni silahlı qüvvələri qarşısında bütün parametrlər üzrə malik olduğu üstünlüklər də hər iki tərəfə yaxşı məlumdur. Və ən nəhayət, bu gün Azərbaycan ölkədə siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmək, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq qurumlar qarşısında ölkəmizin maraqlarını istənilən müzakirələr zamanı ön plana çəkə bilmək bacarığına malik olan güclü və iradəli siyasi liderə malikdir.
Qeyd etmək lazımdır ki, son illərdə məhz ölkə prezidenti cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın silahlı qüvvələri özünün döyüş qabiliyyətinə və təchizatına görə regionun ən güclüləri sırasında yer almışdır.
Bu məqsədlərə çatmaqda və ictimai rəyin formalaşdırılmasında yüksək səviyyəli təşkilatı fəaliyyəti ilə seçilən qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.
Məlum olduğu kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə ölkəmizdə çağırış və səfərbərlik resurslarının tənzimlənməsi sahəsində idarəetmə strukturunun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Elə həmin tarixdə verilmiş, ölkə Prezidentinin digər bir fərmanı ilə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Arzu Rəhimov təyin olunmuşdur.
Qeyd edək ki, general-leytenant Arzu Rəhimov xidmət etdiyi dövrdə 10-dan artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur.
Əslində yarandığı ilk gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Xidmət) müəyyən qüvvələr tərəfindən tənqid hədəfi olaraq seçilmişdir. Təbii ki, Xidmətin də fəaliyyəti istənilən digər bir qurum kimi müəyyən nöqsan və xatalarsız ötüşmür. Lakin istənilən halda bu fəaliyyət barədə məlumatlar ictimailəşdirildiyi zaman maksimum obyektivliyə riayət olunmalı, analiz predmetlərinə həssaslıqla yanaşılmalı və ən əsası da əldə olunan uğur və nailiyyətlərin gizlədilməsinə və ya kiçimsənilməsinə qətiyyən yol verilməməlidir.
Qeyd etmək lazımdır ki, ötən 2 il müddətində, Xidmətin yaradılması zamanı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görülmüşdür. Məlumdur ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələni, yəni vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesini həyata keçirən qurum olaraq, Xidmət bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına da vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Xüsusi olaraq belə bir məqamı vurğulamaq lazımdır ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə Xidmət tərəfindən mütəmadi təhlillər aparılır.
Son vaxtlar çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır. Həmçinin nəzərə almaq lazımdır ki, ölkəmizin məhz müharibə şəraitində olması səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilində Xidmətin üzərinə düşən məsuliyyət yükünü də artırır. Ötən müddətdə Xidmət tərəfindən səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, səfərbərliyin idarə olunması, hərbi vəzifəlilərin xəbərdar edilərək toplanmasının yoxlanılması məqsədi ilə Xidmətin yerli şöbə və bölmələrində praktiki məşğələlər keçirilmiş və plana əsasən cari ildə də bu sahədə işlər davam etdirilir.
Bu ilin əvvəlində cənab Arzu Rəhimovun mətbuata verdiyi açıqlamalardan birində isə əslində bütün cəmiyyətimiz üçün olduqca maraqlı olan bir məqama da toxunulmuşdu.
General bildirmişdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən il ərzində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, daxil olmuş məlumatlar əsasında lazımi araşdırmalar aparılmış, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. Bu işlər Azərbaycan Respublikasında vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, habelə korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi təbliğatın gücləndirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər planına əsasən həyata keçirilmişdir. Göründüyü kimi Xidmət rəisi heç də rəhbərlik etdiyi qurumun strukturlarında hər hansı neqativ halların ümumiyyətlə mövcud olmaması iddiasını ortaya qoymaq niyyətində deyil. Həmçinin generalın çıxışlarından belə hallara qarşı bundan sonra da amansız tədbirlərin görüləcəyi qənaətinə gəlmək olur. Bu isə əlbəttə ki, uğurlu ordu quruculuğu işinin təminatı üçün zəruri şərtlərdən biridir.
Sonda belə bir maraqlı məqamı qeyd etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən öz fəaliyyətində ictimaiyyət qarşısında hesabatlılıq prinsipinə ciddi şəkildə riayət edir. Bu səbəbdən də Xidmətin KİV-lə əlaqələrinə hər zaman diqqət verilmiş, ölkə mətbuatından daxil olan sorğu və müraciətlərə həssaslıqla yanaşılmışdır.
Gözləmək olar ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da dövlətimizin və xalqımızın mənafeyləri naminə üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirəcəkdir.