Kübar davranışında əsilzadələrə xas olan şuxluq və incə məqamlar çoxdur. İnsanla ünsiyyətdə elə rəftar edir ki, şahidi olduğun yüksək mədəniyyətdən zövq alırsan. Çünki yüksək mədəniyyətli insanların seçimi ən yaxşı ifadələr olur...
Haqqında söhbət açdığım Cəmilə xanım Cavadova - Spitsberq Bakıda dünyaya gəlib. 1981-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1981-1986-cı illərdə indiki Bakı Musiqi Akademiyasında musiqi nəzəriyyəsi və orqan ifaçısı ixtisaslarına yiyələnib. 1986-1990-cı illərdə Ağdam Musiqi Texnikumunda musiqi nəzəriyyəsi fənnini tədris edib…
Deyir ki, o dövrdə Qarabağda baş verən hadisələrin canlı şahidi olub: "O hadisələr mənim yaddaşımda silinməz iz buraxıb"…
…1990-1995-ci illərdə "Azərbaycan Musiqi Xadimləri İttifaqı"nda yaradıcılıq şöbəsinin rəhbəri olub. Bu arada, 1992-ci ildə Danimarkanın Odensa şəhərində keçirilən orqan ifaçılarının müsabiqəsində iştirak edib. Orada dünyanın ən mükəmməl orqan ifaçıları ilə tanış olub və bu görüş onu təhsilini Avropada davam etdirməyə həvəsləndirib. 1994-cü ildə İsveçdə Höteburq Orqan İfaçılıq Akademiyasında orqan aləti ifaçılığı üzrə kursların iştirakçısı olub. 1995-1997-ci illlərdə Bəhreynin paytaxtı Manama şəhərində Klassik Musiqi İnstitutunda piano, orqan və musiqi nəzəriyyəsini tədris edib. Sonradan 1997-2001-ci illərdə Hollandiyanın Svelink adına Amsterdam Konservatoriyasında orqan ifaçılığı üzrə ikinci ali təhsil alıb.
2001-ci ildən ABŞ-da məskunlaşıb. O, burada, Dallas Şimali Texas Universitetində orqan ifaçılığı üzrə doktorant olub və musiqi ifaçılığı üzrə incəsənət doktoru elmi dərəcəsinə yüksəlib. Beləliklə, bu elmi dərəcəyə yiyələnən ilk azərbaycanlı kimi adı tarixə düşüb...
2008-2015-ci illərdə Dallas şəhərindəki Texas Universitetində professor işləyib, musiqi sənətinin qiymətləndirilməsi və ziddiyətli bəstəkarlar fənnindən dərs deyib. 2015-ci ildən Şimali Texas Universitetində musiqi nəzəriyyəsi və orqan ədəbiyyatını tədris edir. Cəmilə xanım eyni zamanda, həftənin bazar günləri Texasın Arliqton şəhərindəki "İlk Birləşmiş Metodist Kilsəsi"ndə orqan ifaçısı kimi çalışır…
2017-ci ildə onun təşəbbüsü ilə yaradılan "Azərbaycan Amerika Musiqi Fondu"nun təsisçilərindən biridir. Bu fond Azərbaycanda Amerika və eləcə də Amerikada Azərbaycan klassik musiqisinin tərənnüm, tədris olunmasında tərəfdaşlıq proqramları hazırlayır, eləcə də seminarlar, konsertlər, konfranslar, ustad dərsləri, nəşrlər və müsabiqələr təşkil edir…
…Atası Cəmil Məmmədəli oğlu Cavadov əslən Abşeronun Fatmayi kəndindəndir. SSRİ dövründə ilk azərbaycanlı kontr admiral olub. Anası Gülşən Bağırova ixtisasca həkim olsa da, heç yerdə işləməyib, ömrünü övladlarına həsr edib…
…Cəmilə xanım indiyədək ABŞ, Hollandiya, Almaniya, Fransa, Danimarka, İngiltərə, eləcə də keçmiş SSRİ və Qərbi Avropa ölkələrində konsertlər verib...
2016-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə "Qara Qarayevin əsərlərindən ibarət orqan musiqi aləti üçün Transkripsiyalar” adlı kompakt disk buraxıb. Həmin CD üçün əsərlər Hollandiyanın Rotterdam şəhərindəki 85 pilləli böyük Marcussen orqanında ifa edilərək yazılıb. Bu disk Ştutqartdakı "Grammy" mükafatı qazanan "Tritonus Musikproduktion GmbH" şirkəti tərəfindən təkmilləşdirilib...
2018-ci ildə Texas ştatının Denton şəhərində yerləşən Şimali Texas Universiteti "Azərbaycan-Amerika Musiqi Fondu" ilə birgə dahi bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyinə böyük bir tədbir keçirib. Əfsanəvi sənətkarın yubileyinə həsr olunmuş bu tədbir ABŞ-da Azərbaycan musiqisi ilə bağlı ilk böyük hadisə olub. Həmin gün universitetin musiqi kollecinin "Voertman salonu"na, fakültənin tanınmış musiqiçiləri və Dallas Simfonik orkestrindən təşrif buyuran sənətçilər sahiblik ediblər. Qara Qarayevin bədii əsərləri kamera musiqisi quruluşunda təqdim olunub və repertuara bəstəkarın məşhur piano üçün bəstələdiyi əsərləri, skripka sonatası, vokal romansları, "Don Kixot" simfonik qravürlərindən transkripsiyalar, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar daxil edilib.
Cəmilə xanımın söylədiyinə görə, dahi bəstəkarın musiqisi dinləyiciləri təəccübləndirərək, onlarda çox güclü təəssürat yaradıb...
Həmin ərəfədə Texasın milli xəbər jurnallarında- "Dallas Morning News" və "Denton Record-Chronicle"də Qara Qarayevə həsr olunmuş bu möhtəşəm musiqi gecəsindən, eləcə də bəstəkarın həyat və yaradıcılığından çox dəyərli məqalələr dərc olunub…
…Ömür-gün yoldaşı Bleir Spitzberq amerikalıdır. ABŞ Nüvə Tənzimləmə Komissiyasında çalışıb, alimdir. O, nüvə obyektlərini yoxlayan və tənzimləyən şöbənin mütəxəssislərinə rəhbərlik edib. Hal-hazırda "Talisman International LLC"-də məsləhətçi vəzifəsində işləyir...
Hyustonda İradə xanım Axundovanın rəhbəri olduğu "Azərbaycan Mərkəzi"nin ölkəmizlə bağlı təşkil etdiyi tədbirlərdə mütamadi iştirak edib. Azərbaycanı, xalqımızı çox sevir. Əsas olan odur ki, milli kimliyinə sədaqətli qalıb…
Amerikada Azərbaycan opera və simfonik musiqisinin təbliğində əvəzsiz xidmətləri olan Cəmilə Cavadova həm də çox təvazökar xanımdır. Mən onda təkəbbürdən əsər-əlamət görmədim. Necə deyərlər, xanım kimi xanım, insan kimi insandır. Məşğul olduğu musiqi sahəsində ilkə imza atan bu ifaçıyla tanışlığımızdan çox şad oldum...
Mənbə: Modern.az