Zamirə Hacıyevanın məhkəməsindən ŞOK məlumat – GİZLİ ŞAHİD…

Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi üzrə keçirilən məhkəmə prosesi davam edir.

Minval.info APA-ya istinadən xəbər verir ki, iyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.

Sorğuya başlamadan öncə zaldakı jurnalistlərdən və iclası izləməyə gələn digər şəxslərdən Azərbaycan səfirliyini və ya hökumətini təmsil edib-etmədikləri soruşulub. Prosesdə Azərbaycanlı jurnalistin olması haqqında məlumat alan gizli şahid hakim Emma Arbuthnota bundan narahat olduğunu bildirib. Hakim isə şahidin tələbini nəzərə alaraq, APA-nın London müxbirini yanına çağırıb, ondan işlədiyi qurum haqqında məlumat alıb. Jurnalistin mobil telefonu da daxil olmaqla, üzərindəki bütün cihazlar müvəqqəti saxlanmaq üçün götürülüb.

Zamirə Hacıyevanın mənafeyini müdafiə edən gizli şahid Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində və bütün seqmentlərdə problemlər olduğunu iddia edib. Vəkil Hugo Keith tərəfindən verilən yönləndirici suallar əsasında o, Ramil Səfərov, Xədicə İsmayıl, Mehman Hüseynov, “Nardaran işi” ilə bağlı məhkəmə dosyeləri barəsində özü bildiyi kimi şərhlər verib, Azərbaycanda bir sıra tanınmış simaların məhkəmə sistemi ilə problemlər yaşadığını qeyd edib. Bu zaman Ramil Səfərovun ekstradisiya dosyesi də xüsusi vurğulanıb.

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar, Zamirə Hacıyevanın indiyə qədər hər hansı bir siyasi məqalə yazmadığı, siyasi fikir bildirmədiyi və ya siyasi görüşünün olmadığını bildirib. Vəkil 31 avqust 2012-ci ildə Macarıstanın Azərbaycana verdiyi Ramil Səfərov barəsində cinayət işinə səbəb olmuş hadisənin Ermənistan-Azərbaycan münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Müdafiəçi bu cür iddialarla çıxış edən şahidə Zamirə Hacıyevanın Azərbaycandakı banklardan böyük məbləğlərdə nağd pul çəkdiyini və külli miqdarda vəsaiti mənimsədiyini xatırladıb.

Məhkəmə prosesində Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilərsə, hansı cəzaçəkmə müəssisəsində saxlanacağı haqqında qarşılıqlı müzakirələr aparılıb, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan müəssisələrin standartlara uyğun olub-olmadığı müzakirə edilib.

Məhkəmə prosesi cümə davam edəcək.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.






Fikirlər