Spiker Oqtay Əsədov: “Şou yaratmaq istəyirlər”

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclası başa çatıb. Bir saat ərzində iclasın gündəliyinə salınmış 35 məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Gündəlikdəki məsələlər əsasən, II və III oxunuşda qəbul edilib.

Spiker Oqtay Əsədov iclası yekunlaşdırarkən media nümayəndələrinə iradını bildirdi: “Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”.

O.Əsədov əlavə etdi ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər: “Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər”.

Qeyd edək ki, bundan əvvəlki iclasda da gündəlikdəki 49 məsələnin bir iclas günü müzakirəyə çıxarılaraq qəbul edilməsi müzakirələrə səbəb olmuşdu. (Musavat.com)

 

 






Fikirlər