Sərdar Cəlaloğludan Fazil Mustafaya cavab: “Sənin FETO-çu olduğunu sübut edərəm”
Bu gün deputat Fazil Mustafa öz facebook səhifəsində ADP sədri Sərdar Cəlaloğlu haqqında müəyyən ittihamlar səsləndirib. O, S.Cəlaloğlunun “Yurd”çularla bağlı səsləndirdiyi fikirlərdən sitat verərək, ittihamları cavablandırıb. Həmin statusu olduğu kimi təqdim edirik: “Yurd”çuların hamısının siyasi gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev...” Bu ifadələri PKK-çı Dilanın Azərbaycan siyasətinə sırıdığı, sonralar özünü dəfələrlə Nobel mükafatına namizəd elan etmiş Sərdar Cəlaloğlu işlədib. Olsun, onsuz da bu cür yaramazların ittihamlarını bir tərəfə qoyub, biz öz millətimizin faydasına olan çalışmalarımızı daha qətiyyətlə davam etdiririk. Nə dövlətimin, nə hökumətin, nə də millətimin nəzdində başımı aşağı edəcək hansısa məqam olmadığına görə alnı açıq cəmiyyət qarşısına çıxıb, öz fikirlərimi, baxışlarımı ortaya qoyuram. Sadəcə, bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək, Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir... O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir, Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü? Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi. Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir”. Statusun davamında Fazil Mustafa Sərdar Cəlaloğlu haqqında mətbuatda dərc edə bilmədiyimiz qeyri-etik ifadə işlədib. Musavat.com olaraq, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Sərdar Cəlaloğlu bildirdi ki, PKK-çı ilə görüşdə onunla yanaşı, digər siyasi partiyaların rəhbərləri də olub: “Türkiyənin çox güclü Milli Təhlükəsizlik İdarəsi var. Əgər PKK-çı Dilanla görüşdüyüm üçün mənim PKK ilə əlaqəm olsaydı, sonradan nə Tansu Çillərlə, nə Süleyman Dəmirəllə, nə Rəcəb Tayyib Ərdoğanla, nə də Türkiyənin digər siyasi xadimləri ilə görüşə bilməzdim. Onlar məni qəbul etməzdilər. Türkiyədə Turqut Özal istisna olmaqla, bütün dövlət rəhbərləri ilə görüşmüşəm. Mənim kim olduğumu Türkiyədə hamı yaxşı bilir. 1992-ci ildə mənim Dilanla görüşüm olub. Məndən öncə isə Xalq Cəbhəsinin rəhbərləri görüşmüşdü. Sonuncu görüşən mən olmuşdum. Əgər bu görüş PKK ilə əlaqənin olması deməkdirsə, onda bu, digərləri haqqında da deyilməlidir. Əgər belə deyilsə, niyə sadəcə mənim haqqımda ittiham səsləndirir? O millət vəkilidirsə, Türkiyənin Milli Təhlükəsizlik İdarəsinə müraciət göndərsin. Sən necə Türkiyə tərəfdarısan ki, ölkəndə PKK nümayəndəsi oturub, Türkiyəyə bu barədə müraciət eləmirsən. Müraciət göndər, qoy məni araşdırsınlar ki, dediyin şəxslərlə əlaqəm var?” Sərdar Cəlaloğlu öz növbəsində, F.Mustafanın FETO-çularla əlaqəsi olması ilə bağlı ittiham səsləndirdi: “Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə də sübut edərəm, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edərəm. Mən bu barədə Dövlət Təhlükəsizlik Komitəsinə məktub yazırdım, Fazil Mustafanın nurçularla əlaqəsi araşdırılsın. Sadəcə dostlar xahiş etdi ki, yazma. Mən özüm Dövlət Təhlükəsizlik Komitəsinə müraciət etmişdim ki, bizim 1992-ci ildə Naxçıvanda PKK-çılarla görüşümüz araşdırılsın, orada kimlər iştirak edib, nələr müzakirə olunub. Bunu mətbuata da mən özüm demişəm. Bizə o zaman demişdilər ki, Türkiyədən qonaqlarınız var. Bizim də Türkiyəyə məhəbbətimiz vari idi, görüşdük və danışarkən məlum oldu ki, onlar PKK-nın nümayəndələridir. Məndən öncə oradakı bütün siyasi partiyalarla da görüşmüşdülər. Mən bunu gizlətmirəm, mətbuata danışmışam. Türkiyəyə də demişdim ki, PKK Azərbaycanda sizin əleyhinizə işlər aparır, mənimlə də görüşdülər, təkliflər verdilər. Azərbaycanda Türkiyə əleyhinə olan hər bir adamının qurduğu əlaqələri Türkiyədə əzbər bilirlər, Fazil Mustafa narahat olmasın. Mənim faktım olmasa, danışmaram”. Hökumətdən ayda 10 min dollar pul alması ilə bağlı iddialara gəlincə, S.Cəlaloğlu bildirdi ki, bu, Avropa Məhkəməsinin qərarı ilə hökumət tərəfindən ona ödənilən cərimələrdir: “Hökumət mənim hesabıma 80 min avro pul köçürüb. Mən Avropa Məhkəməsində 4 dəfə hökuməti udmuşam və bu pul da ona görə verilib. Bir dəfə ödəmə gecikdi və mən buna görə maraqlanmışdım ki, niyə pulumuzu ödəmirlər. Bunu hökumət məmurundan pul almaq kimi yozurlar. Ancaq həmin pullar mənə bank vasitəsilə rəsmi şəkildə köçüb. Eyni pulu Avropa Məhkəməsinin qərarı ilə Əli Kərimli də alıb, İsa Qəmbər də, digər siyasi liderlər də... Bu ödəniş aylıq olmayıb, ayrı-ayrı vaxtlarda 10 min-10 min köçürüblər. Bu pullar Prezident Aparatının Avropa Məhkəməsinin qərarları ilə bağlı nümayəndəsi Çingiz Əsgərov vasitəsilə verilib, ondan da soruşub, dəqiqləşdirə bilərsiniz. Axırıcı dəfə hökuməti Avropa Məhkəməsində udduq, bizim pulumuzun bir hissəsini köçürmədilər. Ona görə də müraciət etdim ki, maraqlanın görək, niyə bu cərimələri ödəmirlər. Qüdrət Həsənquliyevin bunu bu cür danışması, qəbuluma gəldi, boynunu burdu, filan deməsi onun başından yekə danışmasıdır”.