Sərdar Cəlaloğlu yenə Fazil Mustafanı “VURDU”: “Ona xəbərdarlıq ETMİŞƏM...”

Bir neçə gün öncə Azərbaycan Demokrat Partiyasının  sədri Sərdar Cəlaloğlu ilə deputat Fazil Mustafa arasında mübahisə yaşanmışdı.

 Fazil Mustafa bildirmişdi:

“Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam”.
Deputat xəbərdarlıq edib ki, Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç  gün vaxt verir.

“Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar bu sözü birbaşa və yalnız  Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm”.

Deputatın dediyi vaxtın üzərindən xeyli müddət keçə də, onunla əlaqə saxlaya bilmədik. Ancaq məsələ ilə bağlı qarşı tərəf Sərdar Cəlaloğlu Modern.az saytına danışdı:

“Fazil Mustafa deyir ki, şiəliyi düzgün hesab etmir. Bundan başqa da Yavuz Sultan Səlimi Şah İsmayıl Xətainin müqabilində müdafiə edir. Görünür ki, Fazil Mustafa təriqəti müdafiə edir. Mən Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı yazdığı fikrə öz etirazımı bildirmişdim. O deyir ki, Şah İsmayıl şiəliyi dövlət dini elan etdiyinə görə nə müsəlmandır, nə də türkdür. Mən deyirəm ki, Şah İsmayıl həm müsəlmandır, həm də türkdür, bunu da sübut edirəm. Yerdə qalan söz-söhbət isə ciddi məsələni arxa plana keçirməkdir. Fazil Mustafa desə ki, Şah İsmayıl müsəlmandır və türkdür, onda mübahisə aradan qalxır. Mənim üçün  bu məsələ önəmlidir. Mənə nə dəxli var ki, o hansı əqidəyə mənsubdur! Adamların əqidəsinə nəyə görə müdaxilə etməliyəm ki? Şah İsmayıl Xətainin və Səfəvilərin Azərbaycan tarixinə aid olmadığını iddia eləməsi, şiəliyi əsas götürməsini yanlış hesab etdiyim üçün, siyasi cəhətdən ziyanlı olduğu üçün  bir siyasətçi kimi öz mövqeyimi bildirmişəm.  Qalan məsələlər məni maraqlandırmır”.

 Onun sözlərinə görə, sübut üçün Fazil Mustafa götürsün öz statuslarını oxusun. 

“Mən onun dediyini nəyə görə sübut etməliyəm ki? Fazil Mustafanın şiələrlə bağlı fikirlərinə görə, onu sosial şəbəkələrdə təhqir edirlər, etirazını bildirirlər. İnsanlar həm mətbuatda, həm də Facebook-da  Fazil Mustafaya etirazlarını bildirirlər. O ki, qaldı onun şiələrin siğədən əməli gəlməsi fikrinə, bu da onun öz işidir. Mən sadəcə olaraq demişəm ki, bunun  da müqabili olaraq onun özünə qarşı hücumlar var, bu prosesə sünnilərin qarışması təhlükəlidir. Xəbərdarlıq etmişəm, ittiham etməmişəm. Dinə görə əqidə üçün insanların bir-biri ilə mübahisə etməsi yolverilməzdir.  Əgər o deyirsə belə bir söz deməmişəm, lap yaxşı, demək ki, kimsə onun adından yalandan yazıb və yaxud da mətbuatda yanlış məlumat gedib. Bununla da məsələ bitir. Əgər o deyirsə deməmişəm, mənim bunu sübut etməyimə ehtiyac yoxdur. Bunu İstər Fazil, istərsə də başqasının deməsindən asılı olmayaraq bunun yanlış bir yanaşma olduğunu demişəm. Əgər o adamlar ki, Fazil bəyi fikirlərinə görə söyürlər, təhqir edirlərsə, demək onlar haqsızdırlar.

 Fazilin mənim haqqımda nə isə deməsi qətiyyən məni maraqlandırmır. Böhtançı desin, söysün, təhqir etsin qətiyyən maraqlandırmır. Onun yazılarının sübutuna qaldıqda isə yenə də deyirəm bununla bağlı onun mətbuatı oxuması, sosial şəbəkələrdəki statuslarındakı rəyləri oxuması bəs edər. Durduq yerdə camaat niyə Fazilin üstünə düşüb? Əgər Fazil belə bir söz deməyibsə, şiələr niyə onu təhqir edir? Bunu izah etsin də, sübut budur. O, Facebook-da statuslarını silə bilər, ola bilər ki, özü dediklərini təhrif edib və bununla da deyir ki, mən belə söz deməmişəm. Onun dediklərinin bəzilərini ayrı-ayrı saytlar götürüb çap edib”.

 






Fikirlər