Mənliyinə hörmət edən sürücü belə vəsiqəsini girov qoymaz...

Mənliyinə hörmət edən sürücü belə vəsiqəsini girov qoymaz...

Azərbaycanın sonuncu çağırış parlamenti indiyə qədər olanlardan öz “unikallığı” ilə xüsusi olaraq seçilir. Yaxşı ki, belə bir məclisimiz var. Çünki ölkədə artıq bir neçə ildir durğun siyasi-ictimai həyatın hökm sürməsinə baxmayaraq, hazırkı parlamentin bir çox üzvləri sanki bir yerdə qərar tuta bilmirlər, gah əcaib açıqlama verib, sonra təkzib edirlər, gah bu gün tənqid etdiklərini sabah tərifləyirlər, gah hansısa ölkələrdə yeni-yeni biznesləri, obyektləri üzə çıxır, gah vergi əməkdaşlarını döydürürlər və sair. Bir sözlə, camaatı darıxmağa qoymurlar və bununla da ictimaiyyət, mətbuat üçün gündəm yaradırlar ki, buna görə də onlara “təşəkkür” düşür.

Ancaq son hadisə, yəni Rəfael Cəbrayılov adlı millət vəkilinin (!) öz deputat vəsiqəsini 300 min ABŞ dolları məbləğində borc qarşılığında girov qoyması həm bütün əndazələri, həm də Azərbaycan sərhədlərini belə aşan bir hoqqadır. Çünki deputat mandatının pul müqabilində girov qoyulması təkcə Azərbaycan deyil, dünya parlamentləri tarixinə düşə biləcək bənzərsiz hadisədir…

Çoxları bir zamanlar keçmiş deputat Gülər Əhmədovanın ABU rektoru Elşad Abdullayevlə mandat alverini məsxərəyə qoyub, bunu qeyri-adi hadisə kimi qələmə verirdilər. Ancaq Gülər xanım yenə də deputat mandatını bu qədər urvatsız etməmişdi, “gül kimi” qiymətlər qoymuşdu, onun dövründə və “bazarında” vəsiqənin qiyməti daha yüksək idi, milyonlar havada uçuşurdu – eşidirdin ki, filankəs 3 milyon verdi, başqa biri 5 milyon verdi və sair. Yeri gəlmişkən, elə həmin Gülər Əhmədova indiki “qəhrəmanımız” Rafael Cəbrayılova da deputat mandatı “təşkil etdiyini” demişdi. Hətta mətbuatda yazılanlara görə, birinci depuatatlığı R.Cəbrayılova 3 milyona başa gəlibmiş…

Və soruşan da yoxdur ki, bu adam birinci deputatlığı dövründə nə etdi, nə xidmət göstərdi, nəylə seçildi ki, onu hələ ikinci dəfə də deputat etdiniz?

Hələ görün həmin bu R.Cəbrayılov özü baş verənlərə necə qiymət verir: “Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Bu, “qarantiya məktubu” kimi bir şeydir…”

Bundan da açıq etiraf ola bilərmi? Yəni adam boynuna alır ki, onun üçün deputat mandatı bir bank hesabıdır, “qarantiya məktubudur” daha nə bilim nədir. Yəni maddi dəyəri olan bir şeydir və qətiyyən xalqın göstərdiyi etimad (əgər göstəribsə-red.), qürur, şərəf mənbəyi və s. kimi mənəvi dəyərə malik deyil! Özü də bu yanaşma təkcə ona yox, parlamentdə oturan əksər biznesmen-deputatlara aiddir. Və bu adamlar hələ özləri üçün maaş, pensiya, imtiyaz davası da edirlər…

Yeri gələndə, mənliyinə hörmət edən adi sürücü belə, öz sürücülük vəsiqəsini nəyinsə müqabilində girov qoymağı özünə rəva bilmir. Bu adamınsa deputat vəsiqəsi illərdir girovluqdadır… Yeri gəlmişkən, maraqlıdır, görəsən R.Cəbrayılov bu neçə ildə Milli Məclisin binasına vəsiqəsiz necə girirmiş, dövlət tədbirlərində necə iştirak edirmiş, “QAİ”-yə nə göstərirmiş, xaricə, ora-bura uçanda deputatlara aid imtiyazlardan necə istifadə edirmiş və s. Hər halda bir çıxış yolu tapıb və yəqin ki, “dublikat” çıxartdırıb…

“Mandat” və “manat” sözlərinin arasında cəmi bir hərf fərqi var. Və görünür artıq mandat da manat kimi, kəskin devalvasiyaya uğrayıb və həm dəyərini, həm də “d” hərfini itirib. Çünki vaxtilə 3 milyon qiymətləndirilən bir şeyin 300 minə qədər ucuzlaşmasına ad qoymaq çətindir. Normal bir ölkədə, əlbəttə ki, bu hadisəyə görə deputatı mandatdan məhrum edə bilərlər, siyasi səhnədən silərlər, yaxud da özünə hörmət qoyan millət vəkili elə özü abırına sığınıb, mandatından imtina edər. Ancaq bizim halda bunların nə birincisi var, nə də ikincisi baş verir…

Məsələnin bir maraqlı tərəfi də qarşı tərəfin, yəni borc verənin mandata 300 min dollar qiymət kəsməsidir. Doğrusu, demək çətindir – ucuz qiymətləndirib, yoxsa həddindən artıq şişirdib. Adama elə gəlir ki, parlamentimizin bugünkü acınacaqlı durumunu, ölkənin taleyində, bugünündə və sabahında oynadığı, həm də oynamadığı rolu, deputatların traqikomik açıqlamalarını, bir çoxlarının savadsızlığını və millət vəkili adını daşımağa layiq olmadığını, belə adamların oraya yığışmasının əsas səbəbinin və məqsədinin nə olduğunu görən, anlayan bir Azərbaycan vətəndaşı deputat mandatına 300 min ABŞ dolları qiymət kəsirsə, buna da şükür!  (Azpolitika.info)

 






Fikirlər