"Bir ölkədə heç kim müftə maaş almamalıdır"

"Xalq sənə mandat veribsə, zəhmət çək gəl parlamentin iclasında iştirak elə, etmirsənsə onu təhvil ver"

Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Neverov maraqlı açıqlama ilə çıxış edərək bildirib ki, gündəliyə üzrsüz səbəbdən parlamentin iclaslarını buraxan deputatların maaşlarının kəsilməsiylə bağlı qanun layihəsi salınıb və tezliklə müzakirəyə çıxarılacaq. Ayda 6 plenar iclas keçirən Dövlət Dumasının sədr müavini deyir ki, layihəyə görə hər buraxılan iclasa görə məvacibin altıda biri kəsiləcək.

Görəsən, belə bir cəza mexanizminə Azərbaycan parlamentinin deputatları necə baxır?
Millət vəkili Fazil Mustafa belə bir cəzanın kəsilməsində qeyri-adi heç nə görmür:
"Məncə belə bir cəza mexanizmi tətbiq olunsa, bu zaman cəzanın üzrsüz səbəbdən parlamentin iclaslarını buraxan deputatlara şamil edilməsinə normal yanaşıram. Çünki bir ölkədə heç kim müftə maaş almamalıdır. Maaş alırsansa zəhmət çəkib iclasa da vaxtında gəlməlisən. Təbii ki, bu cəza üzrlü səbəbdən parlamentin iclaslarında iştirak etməyənlərə aid edilə bilməz. Çünki deputatın da xeyiri - şəri var, xəstəsi olur, bunu nəzərə almaq olar. Amma qalan hallarda məncə üzrsüz səbəbə görə iclaslara qatılmırsa, maaşından tutulmalıdır. 
Fazil Mustafanın deputat həmkarı Aqil Abbas isə adətinə uyğun olaraq qısa cavab verməklə kifayətləndi:
“Mən belə bir qanun layihəsini dəstəkləyərəm. Hətta bizim qanunvercilikdəki yeni dəyişikliyə görə üzrsüz səbəbdən parlamentin iclaslarını buraxmağa görə nəinki maaşından, hətta deputat mandatından məhrum edilmə cəzası nəzərdə tutulub. Xalq sənə mandat veribsə, zəhmət çək gəl parlamentin iclasında iştirak elə, etmirsənsə onu təhvil ver".






Fikirlər