Bu dəfə gündəmdə yaşı 70-i keçən deputatlardır...

Bu dəfə gündəmdə yaşı 70-i keçən deputatlardır...

Bir neçə gündür ki, hökumətin strukturunda aparılan kadr islahatları ölkə ictimaiyyəti və media tərəfindən müzakirə olunmaqdadır.  “Qafqazinfo” xəbər verir ki, xüsusilə ölkə başçısının iqtidarda təmsil olunan yaşı 70-dən yuxarı məmurlara çağırış etməsi maraqla qarşılanıb.  Sözügedən çağırışın ardınca bir sıra yüksək postlu məmurlar da istefa  verib. Həmçinin digər icraedici qurumlarda çalışan yaşlı məmurların adları da sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən paylaşılıb. 

Elə bu məqamda seçkili orqan olsa da, Milli Məclisin deputatları da ictimaiyyətin nəzərindən qaçmayıb. Çünki  yaşı 70-dən çox deputatlar qanunverici orqanda daha çoxdur. Belə ki, deputatlardan 15 nəfərinin 70-dən çox yaşı var. 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.  Bunlar Fəttah Heydərov, Ziyad Səmədzadə, Hadi Rəcəbli, Vahid Əhmədov, Zeynəb Xanlarova, Ağacan Əbiyev, Eldar İbrahimov, Yaqub Mahmudov, Arif Rəhimzadə, Mixail Zabelin,  Valeh Ələsgərov, Fəzail Ağamalı, Yevda Abramov, Mahir Aslanov, Əhliman Əmiraslanovdur. 

Elə yaş məsələsi ilə bağlı adları sadalanan bir neçə deputat mediaya açıqlama verib. “Yeni Müsavat” a danışan 78 yaşlı deputat Arif Rəhimzadənin çıxışından bəlli olur ki, onun deputat olmaq üçün hələ də enerjisi və gücü var. Ən əsası sağlam, həftədə 3 dəfə üzgüçülüklə məşğul olduğunu və 35 dəqiqə ərzində dayanmadan 1 km məsafə qət etdiyini xüsusilə vurğulayıb. Deputat hesab edir ki, yaddaşı yerindədir, beyni işləyir, fiziki cəhətdən də sağlamdır. Odur ki, 2020-ci ilə kimi sağlamlığı belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcək:

 “Mən hesab etmirəm ki, bu bir il ərzində məni hansısa bir xəstəlik yaxalaya bilər, ya formadan düşə bilərəm”-deyə qeyd edib. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri 74 yaşlı Eldar İbrahimovun da “Azvision.az” saytına verdiyi açıqlamadan hiss edilir ki, bu mövzunun deputatlara  aidiyyatı yoxdur:

“Çünki parlamentdə yaş senzi yoxdur. Kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir. Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir”. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, 72 yaşlı deputat Hadi Rəcəbli 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istəyinin olduğunu bildirib. O, Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı olmadığını, deputatın aktiv olmalı olduğunu və bunun yaşa heç bir aidiyyatının olmadığını nəzərə çatdırıb:

“Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır”-deyə Rəcəbli qeyd edib.

Ana Vətən Partiyasının sədri, 72 yaşlı deputat Fəzail Ağamalının da “Qafqazinfo”ya açıqlamasından məlum olur ki, onun da növbəti dəfə siyasətlə məşğul olmağa iddiası var:

“Müxtəlif suallarla bağlı mənə müraciət edirsinizsə, söylədiklərimi dərc edirsinizsə, bu o deməkdir ki, mən hələ işləyə bilərəm: “Buna mənim potensialım var, hələ tükənməyib. Öz siyasi fəaliyyətimi davam etdirə bilərəm. Sağlamlığım yerindədir, özümü güclü hiss edirəm. Bundan sonra da  təbii olaraq siyasi proseslərdə iştirak etmək niyyətindəyəm”.

Qeyd edək ki, 2020- ci ildə ölkədə VI çağırış parlament seçkiləri baş tutacaq. Sonuncu V çağırışda Milli Məclisin deputat siyahısında bir sıra yeni adlar var idi. Onlardan bəzilərinin 4 illik fəaliyyətləri dövründə aktiv çıxışlarının şahidi olmamışıq. Demək olar ki, parlament tribunasından çıxış edən adlar yenə də eyni olaraq qalıb.

Son çağırışda sağlamlığındakı problemlərlə bağlı deputat Yevda Abramov və Fəzail Ağamalı gündəmə gəlmişdi. 

Bundan əlavə, YAP-çı deputat Siyavuş Novruzov da bir neçə dəfə çıxışlarında deputatları aktiv olmağa, partiyanın mövqeyini dəstəkləməyə çağırıb. Bu baxımdan növbəti parlament seçkilərində kimlərin iştirak edəcəyi indidən müzakirə predmetinə çevrilməkdədir.

 






Fikirlər