AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev mətbuata son açıqlamasında istehsal tarixindən 7 il keçən avtomobillərin idxal rüsumlarının artırılması ilə bağlı hökumətə müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, ekoloji tələblər nəzərə alınaraq təklif edilib ki, 7 ildən köhnə avtomoillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək – böyük rüsumlar tətbiq edilməlidir. Bu, o deməkdir ki, avtomobilin istehsalından ötən 7 il nəzərdə tutulur, yəni illər dəyişdikcə, rüsuma cəlb edilən avtomobillərin ili də yüksələcək. Təklif qəbul edilərsə (böyük ehtimalla qəbul ediləcək-red.), artıq 2013-cü ildən əvvəl istehsal olunan bütün avtomobillərin idxal rüsumu kəskin şəkildə artırılacaq. Əvvəlcə qeyd edək ki, burada məhz 7 il müddətinin hansı kriteriyalara əsaslanaraq götürüldüyü izah olunmur. Niyə məsələn, 5, yaxud 10 il yox, məhz 7 il? Hal-hazırda bu məhdudiyyət "avro4" standartı və 2005-ci il ilə tənzimlənir. Bu tələblərə uyğun olmayan avtomobillərin idxalı qadağandır. İndi isə bu məhdudiyyətin birdən-birə 8 il irəli çəkilməsi anlaşılmaz görünür. Doğrudur, burada birbaşa idxala qadağadan deyil, rüsumların kəskin artımından söhbət gedir. Ancaq doğrudan da məqsəd ekoloji tələblərə riayət olunması ilə bağlıdırsa, ümumiyətlə 7 ildən artıq "ömrü olan" avtomobillərin idxalına qadağa qoyulması daha məntiqli görünərdi. Yaxud da, məsələn ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitələrinə idxal rüsumu ləğv edilə, yaxud minimuma endirilərdi. Rəsmi açıqlamalarda bildirilir ki, hazırda bu rüsum 2000 manata yaxındır. Reallıqda isə ölkəyə avtomobil gətirən vətəndaşların dediyinə görə, məsələn, 2006-cı il istehsallı 1.5 mühərrikli "Toyota Prius" hibrid avtomobilin gömrük rəsmiləşdirilməsi 4000 manata, 1.8 mühərrikli 2014-cü il istehsallı eyni markanın rəsmiləşdirilməsi isə təxminən 8500 manata başa gəlir. Bütün bunlar onu deməyə əsas verir ki, avtomobil idxalı ilə bağlı nəzərdə tutulan məhdudiyyətlər ekoloji tələblərlə yanaşı, daha çox gömrük daxilolmalarının artımına hesablanmış olur. Avtomobil parkının gəncləşməsi, yenilənməsi, əlbəttə ki, arzuolunandır. Ancaq nəzərdə tutulan məhdudiyyətlərin və gömrük rüsumunun artırılmasının bazarda süni qiymət artımına səbəb olacağı da heç bir şübhə doğurmur. DGK-nın son təklifi onu deməyə əsas verir ki, tezliklə 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin bazar qiyməti kəskin şəkildə artacaq. Onsuz da Azərbaycanın avtomobil bazarı Cənubi Qafqazda ən bahalı bazardır və məsələn, Gürcüstanla müqayisədə ümumiyətlə ölçüyəgəlməz dərəcədə bahalıdır. Və indiyə qədər də heç kim doğru-dürüst izah etməyib ki, ümumi yaşayış səviyyəsi, eləcə də adambaşına düşən gəlirlərdən tutmuş orta aylıq əməkhaqlarına qədər bir çox rəsmi göstəricilər üzrə heç də Azərbaycandan geri qalmayan Gürcüstanda 5000 avroya olan avtomobil, nəyə görə Azərbaycanda 15 000-20 000 avroya olmalıdır? Bizim vətəndaş hansı səbəbdən bu "xoşbəxtliyə" layiq görülüb? Azərbaycanda daxili avtomobil istehsalının müasir standartlarla müqayisədə az qala "yoxa bərabər" olduğunu nəzərə alsaq, qoyulan məhdudiyyətləri və yüksək rüsumların səbəbini anlamaq daha da çətinləşir. Reallıqda vətəndaşın qarşılaşdığı problemlərdən biri də gömrükdə rastlaşdığı durumdur. Belə ki, əksər hallarda gömrük əməkdaşları idxal olunan 2-ci əl avtomobilə təqdim edilən "invoys" dəyərini tətbiq etmir. Təbii ki, təqdim edilən "invoys" aşağı yazıla bilər və gömrük əməkdaşında şübhə doğuran məqam onun yenidən bazar qiymətinə uyğun dəyər təyin edilməsinə gətirib çıxara bilər. Lakin nəticədə adi vətəndaş, yaxud normal iş adamı işbazların "güdazına" gedir. Və rəsmi müqavilə, hesab faktura və ya proforma, daşınma xərcini təsdiq edən sənəd, ödəniş tapşırığı olsa da, gömrük əməkdaşı onu qəbul etmir və "hamıya eyni gözlə baxır". Bu da bizdəki sistemin heç bir Avropa gömrük strukturuna uyğunlaşmamasına gətirib çıxarır. Hələ 2005-ci il və "avro4" məhdudiyyəti qoyulandan sonra ölkədə avtomobillər kəskin şəkildə bahalaşmışdı. Təkcə onu qeyd etmək kifayətdir ki, hal-hazırda "avro4" standartı tələbinə görə ölkəyə idxalına qadağa qoyulan 1998-2004 model avtomobillərin bazar qiyməti öncəki qiymətlərindən 2-3 dəfə yüksəkdir. Təklif edilən 7 il məhdudiyyəti qəbul olunandan sonra isə bahalaşmanın yeni dalğasının meydana gələcəyi şübhəsizdir. Azərbaycanda hər kəsə məlumdur ki, iri xarici avtomobil istehsalçılarının ölkəmizdəki distribyutor şəbəkələri yüksək ranqlı məmurlara məxsusdur. Məsələn, Yaponiya istehsalı olan avtomobillərin az qala bütün markalarının ölkəmizdəki rəsmi distribyutorluğunun Mərkəzi Bankın sədri Elman Rüstəmova aid şirkətə məxsus olduğu barədə məlumatlar mətbuatda dəfələrlə dərc olunub və indiyə qədər də rəsmi şəkildə təkzib edilməyib. Və ən maraqlısı da odur ki, bu prosesdən ən çox xeyir götürən tanınmış xarici avtomobil istehsalçılarının ölkəmizdəki distribyutor şirkətləri, uduzan isə yenə sıravi vətəndaş olacaq. Çünki vətəndaş getdikcə xaricdən işlənmiş avtomobil gətirməkdənsə, yerli distribyutorlardan ağır kredit şərtləri altında olsa da belə, maşın almaq məcburiyyətində qalacaq. (azpolitikoinfo.az)