PARTİYALARIN “YOXA ÇIXDIĞI” SEÇKİ – Bu dəfə siyasətçilər yox, müstəqillər önə çıxırlar
Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin ilk həftəsi geridə qalıb. Namizədlərin qeydə alınma mərhələsində olduğu kimi, bu mərhələdə də fövqəladə bir hadisə baş verməyib, prosesə müdaxilə ilə bağlı ara-sıra şikayətlər olsa da, siyasi mənzərəni korlayacaq qalmaqallı olaylar müşahidə olunmayıb. Seçki prosesinin gedişini dəyərləndirmək əvvəllər olduğundan indi daha rahatdır. Demək olar, bütün seçki iştirakçıları sosial şəbəkələr üzərindən təbliğat aparmağa üstünlük verirlər. Odur ki, kampaniyanın gedişini izləyib müşahidələri bölüşməklə, obyektiv nəticə çıxarmaq mümkündür. Əsas diqqətçəkən məqam siyasi partiyaların seçki kampaniyasında olduqca zəif iştirakıdır. Qeydə alınmış 1500-ə yaxın namizəddən cəmi 300-ə yaxını 21 siyasi partiya tərəfindən irəli sürülüb. Qalanları bitərəflər və partiyalılığını göstərməyən şəxslərdir. Seçkidən əvvəl böyük nəticələr əldə edəcəklərini vəd edən Müsavat və ReAL partiyalarının da prosesdə iştirakı nəzərə çarpmır. Məsələn, 15 saylı dairədə Müsavat və ADP-nın liderləri rəqibdirlər. Amma buna rəğmən, nə sosial şəbəkələrdə, nə də dairə ərazisində namizədlərin aktiv kampaniyası aparılmir. Yaxud, 19 saylı Nərimanov ikinci Seçki Dairəsində Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin seçki kampaniyası tamamilə sönük keçir. Nə görüşlər, nə sosial şəbəkələrdə çıxışlar, nə də videomüraciətlər yoxdur. Mitinq haqda isə heç danışmağa dəyməz. ReAl Partiyasının tanınmış iki namizədi - 12 saylı Qaradağ-Yasamal Seçki Dairəsindən Natiq Cəfərli və 16 saylı Yasamal ikinci Seçki Dairəsindən Erkin Qədirlinin də hər hansı seçki kampaniyasından danışmaq mümkün deyil. Hər iki dairədən hakim partiyanın ciddi rəsmi namizədlər irəli sürməməsi görünür, ReAL-çıları tam arxayın salıb. Daha bir misal kimi Müsavat Partiyasının 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədi Arzu Səmədbəylinin, 84 saylı Füzuli Seçki Dairəsindən namizədi, tanınmış vəkil Osman Kazımovun passiv seçki kampaniyalarını qeyd etmək olar. Deputat Azay Quliyev və iqtisadçı Vüqar Bayramov isə bu dairələrdə aktiv seçki kampaniyası aparırlar. Həm əhali ilə görüşlər keçirilir, həm də sosial şəbəkələrdə, mediada təbliğat aparılır. Doğrudur, O. Kazımov hakimiyyətin V.Bayramova gizli dəstəyindən şikayətlənir, amma özü də ortaya hələlik bir iş qoya bilməyib. Adları çəkilən partiyaların rayonlarda seçki fəaliyyəti isə ümumiyyətlə bərbaddır. Onlarla namizədləri qeydə alınsa da, onların hər-hansı fəaliyyəti müşahidə edilmir. Eyni durum seçkiyə qoşulan digər partiyalara da aiddir. Məsələn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlıdan başqa bu partiyaların digər namizədlərinin təbliğat-təşviqat kampaniyaları hiss olunmur. Seçkinin daha bir diqqətçəkən məqamı müstəqil namizədlərin fəallığıdır. Məsələn, 29 saylı Səbail Seçki Dairəsində hər iki müstəqil namizəd - Bəxtiyar Hacıyev və Nigar Arpadarai fəal seçki kampaniyası aparırlar. Qazaxda Səməd Seyidovun rəqibi, müstəqil namizəd Ramil Göyüşov, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən professor Vüqar Məmmədov, 95 saylı Seçki Dairəsindən Vüqar Əliyev, 46 saylı Seçki Dairəsindən Əsmər Əliyeva, 79 saylı İmişli Seçki Dairəsindən İlqar Hüseynli, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən Raqif Muradov, 105 saylı Tovuz Seçki Dairəsindən Qənirə Paşayeva, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Xəyal Məmmədxanlı, 12 saylı Seçki Dairəsindən Turabxan Turabxanlını və digər namizədlərin fəal seçki kampaniyaları diqqəti çəkir. Hələlik seçki kampaniyasının ilk həftəsi arxada qalıb. Əgər qarşıdakı günlərdə eyni mənzərə təkrarlanacaqsa, bu Azərbaycanda siyasi partiyaların ölkənin siyasi sistemindəki yerlərini tam itirdiklərinin təsdiqi olacaq. Bu isə Azərbaycanın siyasi inkişafdan nə qədər geridə qaldığını göstərən olduqca kədərli mənzərədir. /“AzPolitika.info”