Tarixi və mədəni irsimizə ögey münasibət — Əbülfəz Qarayev nə işlə məşğuldur?

Yəqin ki, çoxumuzun yolu Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin önündən keçib. Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün düşmən gülləsinə tuş gəlmiş heykəlləri işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünün simvollarından biridir. Heykəlləri  güllələyən ermənilər bu gün işğal altındakı torpaqlarda Azərbaycanın maddi-mədəni irsini vandalizmə məruz qoyublar. Çünki onlar işğalçı düşməndirlər.

Bəs, öz içimizdə mədəniyyətimizə düşmən kəsilənlərə nə deməli? Maddi-mədəni abidələrimizi baxımsız vəziyyət salan və gələcək nəsillər üçün saxlanmalı olan tarixi irsimizi məhv edənlər kimlərdir?!

Bu gün Bakı küçələrində tariximizi əks etdirən maddi-mədəni irsimiz məhv olmaq təhlükəsi ilə üzləşib. Uçulub-dağılan abidələr, toz basmış, çat vermiş, quş nəcisi ilə dolmuş heykəllər. 

Paytaxt küçələrində qarşımıza çıxan mədəni irsimizə ürək ağrısı olmadan baxmaq mümkün deyil. Başda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva olmaqla, bu dövlət və onun rəhbərliyi Azərbaycan tarixinin qorunub saxlanılması üçün gecə-gündüz çalışırlar. Bəs dövlət büdcəsindən maliyyələşən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hara baxır? Hörmətli mədəniyyət naziri Əbülfəz Qarayev nə işlə məşğuldur? Necə olur ki, bu dövlətin rəhbərliyi maddi-mədəni irsimizin qorunması və dünyada təbliği istiqamətində ciddi nəticələr əldə etdiyimiz addımlar atır, amma mədəniyyət naziri və onun tabeliyindəki qurumlar nə tarixi irsimizə hörmət edir, nə də onlara göstərilən etimadı doğruldur. Əvəzində isə cənab Əbülfəz Qarayevin başı şou-biznesə qarışıb.

Bu gün Azərbaycan mədəniyyətinin iki fərqli mənzərəsi görünür. Birinci mənzərədə ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq səviyyədə uğurla təbliği və bunun nəticəsində dünyanın Azərbaycana heyranlığı var. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyinin nəticəsidir. 

Bütün bu əməyin nəticəsində Azərbaycanın üç tarixi obyekti UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb: 2000-ci ildə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, 2007-ci ildə Qobustan dövlət tarixi-bədii qoruğu, 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi.

Bununla yanaşı, Atəşgah Dövlət Tarixi-Memarlıq Qoruğu, Naxçıvan Mavzoleyi, Hirkan Dövlət Qoruğu, Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı, Lök-Batan Palçıq Vulkanı, Bakı Dağları, Xəzər sahili mühafizə kostruksiyaları, Şuşa tarix- memarlıq qoruğu, Ordubad tarix-memarlıq qoruğu da Ümumdünya İrsinin İlkin Siyahısına daxildir. Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi – “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti”, “Novruz”, “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar və Onun İfaçılıq Sənəti”, “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu”, “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” isə UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar bəsit məsələ deyil və buna nail olmaq üçün düşünülmüş siyasət, ağır əmək və bu dövlətə, onun tarixinə sonsuz sevgi lazımdır. 

 Xüsusi qeyd olunmalıdır ki, UNESKO-nun Ümumdünya İrs Siyahısı beynəlxalq siyasətdə nüfuz göstəricisidir. Bu gün Azərbaycanın mədəni nüfuzu məhz həyata keçirilən uğurlu siyasət nəticəsində kifayət qədər yüksəkdir. 

İkinci mənzərə və təəssüfedici görüntülər: Mədəniyyət sahəsinə məsul olan qurumların fəaliyyəti ölkə rəhbərliyinin bu sahənin inkişafı və təbliği istiqamətində həyata keçirdiyi siyasətə adekvat deyil.

Paytaxtda və respublikanın müxtəlif bölgələrində maddi-mədəni abidələrin vəziyyəti Mədəniyyət Nazirliyi və nazirliyin nəznindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin öz missiyasına uyğun fəaliyyət göstərmədiyini deməyə əsas verir. Halbuki, bu nazirlik və onun nəznindəki qurum dövlət büdcəsindən maliyyələşdirilir. Təkcə 2020-ci ilin dövlət büdcəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə 8792410 manat, Mədəniyyət Nazirliyinə isə ümumilikdə 300 milyon manat vəsait ayrılıb. Belə demək mümkünsə, nazir Əbülfəz Qarayevin sərəncamında 300 milyon manat vəsait var və bu vəsait mədəniyyətin inkişafına, o cümlədən, maddi-mədəni irsimizin qorunmasına sərf edilməlidir. Bunun əksini göstərən mənzərə isə dövlət büdcəsindən ayrılan vəsaitin profilinə uyğun xərclənmədiyi ehtimalını gücləndirir.

Əgər bu gün maddi-mədəni irsimiz məhv olursa, böyük mütəfəkkirlərimizə qoyulan heykəllər uçulub-dağılırsa, bunun məsuliyyətini şəxsən nazir Əbülfəz Qarayev daşıyır. Onun yarıtmaz fəaliyyətinin nəticəsi təkcə bu günü yox, həm də gələcəyi müəyyənləşdirən amildir. Çünki maddi-mənəvi abidələr bir xalqın, bir dövlətin tarixi deməkdir. İndi kim zəmanət verə bilər ki, dağılmaq təhlükəsi ilə üzləşən, yaxud çatlar yaranmış abidələrimiz 50 ildən sonra mövcud olacaq?! Belə davam edərsə, 50 il sonra gələcək nəslə “burada Cəfər Cabbarlının heykəli olub, burada Səməd Vurğunun, burada isə güllələnmiş heykəllər” deyəcək, amma göstərməyə heç nə tapmayacağıq.

Nə qədər istəməsək də işğalçı Ermənistanın timsalında bir nümunə diqqət çəkir. Ermənilər faşistlərə xidmət etmiş, Hitlerin muzdlu qatili olan Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl ucaldıblar. Bu nasistin heykəllərinə, yaxud xatirə lövhələrinə müxtəlif ölkələrdə də rast gəlmək mümkündür. Faşizmə qarşı döyüşmüş bütün dünya ermənilərin bu addımını lənətləyir, amma onlar “qəhrəman” hesab etdikləri Njdeni sona qədər müdafiə edirlər.

Prezident İlham Əliyevin Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın üzünə söylədi ki, “Ermənistan faşizmi qəhrəmanlaşdırır”. 

Image result for Ильхам Алиев Ашхабад

Dövlət başçısının həmin iclasdakı çıxışı Njdenin əsl kimliyini ortaya çıxardı: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. 

 Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. 

 Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

 Prezident İlham Əliyevin bu tarixi çıxışı Ermənistan üçün ağır zərbə oldu və məhz bu çıxışdan sonra Rusiyada Njdeyə qarşı hərəkətə keçdilər. Bu da Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nümunələrindən biridir. Lakin ermənilər yenə də bu faşisti həyasızcasına müdafiə edir, onun “qəhrəmanlaşdırılması” siyasətini davam etdirməyə çalışırlar. 

Bəs bizim gerçək qəhrəmanlarımız, bəşəri miras qoymuş mütəfəkkirlərimiz, zəngin maddi-mədəni irsimiz olduğu halda niyə geridə qalırıq?! Bunun günahkarı kimdir? Dediyimiz kimi, axı dövlət rəhbərliyi mədəniyyətimizin, tariximizin qorunması, inkişafı və təbliği üçün ən yüksək səviyyədə iradə nümayiş etdirir, o zaman, Mədəniyyət Nazirliyi, şəxsən nazir Əbülfəz Qarayev nə işlə məşğuldur?! İldə bir neçə dəfə tədbir keçirib, mükafat paylamaq nə mədəni əməl, nə də nazir statusuna adekvat fəaliyyət demək deyil.

Burada Ulu Öndər Heydər Əliyevin bir tarixi sözlərini xatırlatmaq yerinə düşər: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. 

Görəsən, cənab Əbülfəz Qarayevin bundan xəbəri varmı?!

"Demokrat.az"






Fikirlər