İqtisadçı əlac tapdı: Su qıtlığından qurtulmağın yolu - "İsrail təcrübəsi..."
Azərbaycanda 10 yeni su anbarı yaradılacaq. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən, ölkədə Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a bildirib ki, bu tədbirlər ölkə ərazisində suvarma problemlərinin aradan qaldırılması üçün həyata keçirilir: “Suyun bol olan vaxtı tikilən anbarların doldurulması nəzərdə tutulur. Bu məqsədlə toplanan ehtiyatlardan gələcəkdə suyun qıt olan vaxtı istifadə olunacaq. Azərbaycanda ölkənin suvarma suyuna olan tələbatının ödənilməsi vacib məsələdir. Amma problem ondadır ki, indiki suvarma sistemlərindən böyük miqdarda israfçılığa yol verilir. Ölkə ərazisində və transsərhəd zonada formalaşan su ehtiyatını toplayanda il ərzində təxminən 30 milyard kubmetr su ehtiyatı yaranır. Bu həcmdə suyun 12 milyard kubmetrindən istifadə edirik. 12 milyard kubmetr suyun da 30 faizi mənbədən götürülərkən itkiyə gedir. Kanallara verilən su təyinat nöqtəsinə çatana qədər yarısı ya buxarlanır, ya torpağa süzülür”.
Ekspert hesab edir ki, ölkə ərazisində əsas problem su anbarları ilə bağlı deyil: “Biz suvarma suyunu ötürücü kanallarda itiririk. Bu isə kanalların çəkildiyi ərazilərdə torpağın şoranlaşmasına səbəb olur. Məsələn, Ağcabədi rayonunun cənub hissəsindən Sabirabada qədər olan ərazi şor torpaqlardır. Bu torpaqların şorlaşmasının əsas səbəbi Qarabağ kanalıdır. Bu günün vacib məsələsi ölkənin suvarma şəbəkəsinin borular vasitəsilə qurulmasıdır. Təklif edərdim ki, hökumət 10 anbara çəkdiyi xərci boru xəttinin qurulmasına sərf etsin”. Akif Nəsirli diqqəti mövcud ziyana yönəldərək Azərbaycanı İsraillə müqayisə edib: “İsrail həm ərazisinə, həm də əhalisinə görə Azərbaycana müvafiq ölkədir. Ölkəmizin əhalisi10 milyondur. Məlumdur ki, Azərbaycanda qeydiyyatda olanların bir hissəsi xarici ölkələrdə yaşayır. Bununla yanaşı, Azərbaycan yerli əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının 50 faizə qədərini daxili istehsal hesabına təmin edə bilir. Ancaq İsrail yerli tələbatın 90 faizindən çoxunu daxili istehsal hesabına təmin edir. Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalına il ərzində 12 milyard kubmetr su sərf edir. Amma İsrail illik kənd təsərrüfatı məhsullarının istehsalına cəmi 1,2 milyard kubmetr suvarma suyu işlədir. Bu müqayisədən belə nəticəyə gəlmək olur ki, ölkəmiz suya olan tələbatını İsrailin suya olan tələbatı qədər aşağı endirə bilər. Buna su itkilərinin qarşısını almaqla nail olmaq olar. İstifadə etdiyimiz həmin 12 milyard kubmetr suyun 70-80 faizi itkiyə gedir. Azərbaycan İsraillə müqayisədə yarıbayarı az məhsul istehsal edir, amma ondan 10 dəfə çox su sərf edir. Bu müqayisələr onu göstərir ki, mövcud su mənbələrindən suyun təyinat nöqtəsinə israf olunmadan çatdırmaq əsas məsələdir”. Analitik deyir ki, yeni tikiləcək su anbarları ölkəmizin yay aylarında su ehtiyatlarını artıracaq: “Amma bu anbarlarda toplanan suyun 50 faizi yenə kanallarda itkiyə gedəcək, bu da çəkilən xərcin səmərəllik səviyyəsini aşağı salacaq. Hesab edirəm ki, ölkədə ən vacib məsələ suvarma şəbəkəsinin boru kəmərləri ilə təyinat nöqtəsinə çatdırılmasını təmin etməkdir. Elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə təzyiqə davamlı plastik iri həcmli borular sifariş edib bu şəbəkəni qurmaq olar. Qənaətimcə, 2-3 il ərzində 2 milyard vəsait xərcləməklə Azərbaycanın bütün ərazisinin suvarma sisteminin kəmərə salmaq mümkündür”. Akif Nəsirli çaylarda olan sululuq səviyyəsinin aşağı düşməsinə də toxunub: “Ümumilikdə ölkəmizdə suvarma əsasən transsərhəd suları hesabına həyata keçirilir. Bu da təxminən 70 faiz su deməkdir. İranda, Gürcüstanda və digər ölkələrdə kənd təsərrüfatı inkişaf etdirilir. Məsələn, İran Araz çayından son 1-2 ildə 5 min hektar ərazi üçün əlavə su götürür. Başqa sözlə, İran Araz çayının üstündə “Qız qalası” və “Xudafərin” su anbarlarını tikib. Bu anbarlardan həm İran, həm də Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində əkdiyi kənd təsərrüfatı məhsullarını suvarma məqsədi ilə istifadə edir. Ümumiyyətlə, çayların özündə də su azalıb. Əsas problemlərdən biri də Kür çayının tərkibinin ağır metallarla çirklənməsidir. Kür çayının tərkibinin müəyyən səviyyəyə qədər təmizləmək lazımdır ki, bu su ilə suvarılan kənd təsərrüfatı məhsulları ekoloji baxımdan zərərsiz olsun. Ölkəmizin ərazisində cəmi 30 milyard kubmetr su formalaşır. Əgər suvarma sistemi kəmərləşdirilsə, bizə cəmi 2 milyard kubmetr su lazım olar. Hətta kənardan su almadan, ölkə daxildə artezian quyuları vurmaqla da suvarma suyuna tələbatı ödəmək olar. Bu tədbirlər həyata keçirilərsə, suvarma suyuna olan tələbat 8-9 dəfə aşağı düşəcək”. Maraqlıdır, bu anbarların yaranması ilə ilkin olaraq hansı problemlər həllini tapacaq?
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, su anbarının tikilməsi elə problemin həll olunması deməkdir: “Məlumdur ki, su anbarlarına çayların bolsulu olduğu vaxt ehtiyatlar toplanılır. Yağıntılar az olan müddətində, yayda suvarma mövsümündə həmin su anbarlarından istifadə olunur. Sözügedən 10 su anbarının texniki, iqtisadi əsasları haqqında məlumat rəhbərliyə təqdim olunub. Yəni, bu anbarların harada tikilməsi, necə effekt verməsi barədə ilkin rəylər var”. Qurum nümayəndəsi su anbarlarından üçü haqqında məlumat verib: “Hazırda Əlicançay su anbarının layihəsinə başlanılıb. Artıq layihənin texniki əsaslandırması var. Viləşçay su anbarının tikintisi 80-ci illərdə yarımçıq qalmışdı. Artıq layihənin ikinci mərhələsinin işlərinə başlanılıb. Yengicəçay su anbarının da layihəsi tam hazırdır. Maliyyə vəsaiti ayrılandan sonra bu anbarların tikintisinə başlanılacaq. Tək 10 su anbarı deyil, dövlət proqramında 22 kanal da var. Bu kanallar torpaq olduğu üçün su itkiləri də çox olur. Prezident müşavirədə qeyd etdi ki, su itkilərinin qarşısını almaq üçün ilkin tədbirlər görülməlidir. Həm su anbarların tikintisi, həm də torpaq kanalların beton kanallarla əvəz olunması su itkilərinin qarşısını almaq üçün ən böyük addımlardan biridir. Nəticədə su itkiyə getmir, anbarlarda toplanır. Torpaq kanallarda su itkisi həddən çox olur, amma beton kanalında su itkisi minimuma enir”. Dilqəm Şərifov 10 çay üzrə ehtiyatların yaranmasının ətraf kəndlərin susuz qalma ehtimalından da danışıb: “Bu ehtimal ola bilməz. Çünki ətraf kəndlərin suyunu kəsib bu anbarlara yığılmayacaq. Bu anbarlara artıq olan su həcmləri toplanılacaq. Hər hansı bir yerdə su anbarının olması o demək deyil ki, həmin kəndlər susuz qalır. Dağ çayından gələn su suvarmada istifadə olunandan sonra qalanı axıb itkiyə gedir. İnsanların suvarma suyuna olan tələbatı ödəndikdən sonra qalan suların bu anbarlarda toplanması nəzərdə tutulub”. Adıçəkilən çayların bolsulu olmasına gəlincə, qurum nümayəndəsi bildirib ki, istənilən halda dağ çayları bolsulu olur.