“Hər zaman öz xainliyi ilə seçilən, həyasız, aqressiv bəyanatları ilə regionda sülhə daim təhdid gətirən Ermənistanın hərbi-təcavüzkar rejimi sentyabrın 27-də səhər saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mülki əhali yaşayan kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atmışdır. Bu, artıq cəzasızlıqdan doğan həyasızlığın pik həddi idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirərək, tökülən qanların yerdə qalmayacağını bildirərək əks-hücum tədbirləri görmək üçün konkret addımlar atdı, yəni Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə doğru qərar verildi”.
Bunları Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq və Slavistika Elmi Tədqiqat Laboratoriya bölməsinin müdiri, Qarabağ müharibəsi veteranı, vaxtilə ermənilərin qorxulu yuxusuna çevrilən və “zəhmli polkovnik” kimi tanınan istefada olan polis polkovniki Sadir Məmmədov cəbhədə baş verən erməni təxribatlarını Moderator.az-a şərh edərkən söyləyib.
Hərbi sirr və informasiya müharibəsi məsələlərinə də toxunan peşəkar döyüşçü polkovnik onu da qeyd edib ki, dəfələrlə təkrarlanan təcrübələr onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin ölkəmizdəki casusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlı olacaqlar. “Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şayiələrə uymamağa çağırmaq, yalnız Müdafiə Nazirliyinin yaydığı xəbərlərə istinad etməyə səsləmək lazımdır. Çünki müharibə şəraitində cəbhədən gələn şayiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər. Ən azından, döyüş şəraitində birinin qəsdən, yaxud bilməməzlikdən ötürdüyü məlumatı dərc etməklə hərbi sirri yaymış ola bilərsiniz.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir”.
Sadir Məmmədov onu da qeyd edib ki, Qarabağ həqiqətlərini elmi müstəvidə, beynəlxalq hüquq normaları çərçivəsində akademik səviyyədə çatdırmaq üçün yorulmadan çalışır. Onun artıq bu mövzuda 40-dan çox elmi əsəri və onlarla kitabı çap olunub ki, bunlardan da bir qismi impakt-faktorlu nəşrlərdə dərc olunub.
“Ermənistanın qandan qorxan erməni terrorçusu anadan əsgər doğulan xalqımızın qüdrətli ordusu qarşısında məğlub olmağa və qaçmağa məhkumdur! Xalqımızın çoxdan gözlədiyi gün gəlib çatdı. Torpaqlarımızı işğaldan azad etmək üçün xalqımızı, harada yaşamasından və iqtidara münasibətindən asılı olmayaraq bütün soydaşlarımızı Ali Baş Komandanın, Milli Ordumuzun ətrafında sıx birləşməyə çağırıram” – deyə Sadir Məmmədov cəmiyyətə səslənib.
Ən böyük arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin efirdən deyəcəyi “Qarabağımız erməni işğalçılardan təmizləndi! Mən sizi təbrik edirəm!” kəlmələrini eşitməkdir.
Yeri gəlmişkən, Sadir Məmmədov onu da qeyd edib ki, ermənilərin bu vəziyyətə düşməsinin səbəblərindən biri də 1984-cü ildə Zori Balayanın uydurmalardan ibarət yazdığı “Ocaq” kitabından xəyallara düşməsidir ki, bu gün belə problemlərlə rastlaşıblar. Əlbəttə, ağlı olan ermənilər zori balayanları, koçaryanları, dadamyanları, manıçarovları və Nikol Paşinyan kimi onları məhv olmağa sürükləyən yaramaz, ekstremist “liderləri” özləri cəzalandırmalıdılar.
Sadir müəllim sonda bildirib ki, 1988-1992-ci illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini və Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmiş polis polkovniki kimi erməni terrorçularına qarşı 147 hərbi əməliyyat və döyüş tapşırıqlarının yerinə yetirilməsində birbaşa iştirak etdiyi üçün həmin regionların hər dağına və daşına bələddir. Odur ki, bu gün bizim şanlı ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara da döyüş təcrübəsi ilə, bütün bilik və bacarığıyla dəstək verməyə hazırdır.
“Qələbəmiz birliyimizdədir. Biz bu müharibədə zəfər çalacağıq.
İnşallah, Ali Baş Komandan xalqımıza qələbə sevincini yaşadacaqdır”- deyə Qarabaş veteranı, olan polkovnik fikirlərini böyük inam hissləriylə tamamlayıb.
Fikirlər