Perinçəkin qələbəsi İsveçrəni şoka saldı

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə bu gün verdiyi qəti qərar İsveçrə mətbuatında böyük əks-səda yaradıb.

 

Ölkənin aparıcı mətbu orqanlarında məhkəmənin qərarı haqqında geniş məqalələr və dəyərləndirmələr yer alıb.

Məhkəmədə İsveçrəni təmsil edən Federal Ədliyyə İdarəsinin sözçüsü Folko Galli İsveçrə Teleradiosuna (SRF) məhkəmə qərarını şərh edərək bildirib ki, təmsil etdiyi qurum məhkəmənin qərarını qəbul edir: “Bu qərar, həmçinin Məhkəmənin ifadə azadlığına verdiyi yüksək dəyəri təsdiq edir”.

Federal Ədliyyə İdarəsinin yaydığı məlumatda isə bildirilir ki, İsveçrə ən geci 6 ay ərzində yekun qərarların üzv ölkələr tərəfindən icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsinə AİHM qərarının icrası mexanizmi barədə hesabat təqdim etməlidir. Hesabatda aydın göstərilməlidir ki, İsveçrə Doğu Perinçek işində yol verdiyi qanun pozuntusunun nəticələrini aradan qaldırmaq üçün hansı tədbirləri görüb və gələcəkdə oxşar halların qarşısını almaq üçün hansı addımları atacaq. Əgər 6 ay ərzində İsçevrə AİHM Böyük Palatasının yekun qərarının tam icra olunmasına nail olmazsa, o zaman nəzərdə tutulan icra mexanizminə dair “yol xəritəsi”ni təqdim etməlidir. (Azərtac)






Fikirlər