Biri Dubayda KEF çəkir, o biri türmədə TƏSBEH çəkir ...

Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...

Sabiq briqada komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi bir o qədər də gölənilməz olmadı. Vətən Müharibəsi başlamamışdan əvvəl ordudan uzaqlaşdırılan, uzun müddətdən bəri şübhəli sükuta dalan Milli Qəhrəmanın başının üstündə “qara buludların” dolaşdığı çoxlarına bəlli idi. Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsindən sonra bu “buludların” sıxlaşacağına heç bir şübhə yeri qalmadı.

 General-leytenant Rövşən Əkbərov bu il mart ayının 15-də həbs olunub. Ona qarşı qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb. Sabiq komandir 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı Elçin Əliyevi öldürməkdə təqsirli bilinir. Hüquqşünasların təbirincə desək, Rövşən Əkbərovun bu cinayəti törətməsinə dair əsaslı şübhələr var.

Yəqin ki, mərhum Elçin Əliyevin adı oxuculara tanışdır. Buna səbəb onun anası Səmayə Əliyevanın uzun illərdən bəri oğlunun qatilinin cəzalandırılması tələbiylə çıxış etməsidir. Ötən 20 ildə Səmayə Əliyevanın döymədiyi qapı qalmayıb. O, təkcə KİV redaksiyalarının deyil, həm də ölkənin hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslərin qəbulunda olub. Rövşən Əkbərov həbs ediləndən sonra o, belə bir açıqlama vermişdi: “Axırıncı dəfə Zakir Qaralovun qəbulunda olanda məni söyüb kabinetindən qovdu”.

Ortaya suallar çıxır: Rövşən Əkbərov 20 il istintaqdan necə yayınıb? Onu hansı “güclü əl” qoruyub?

Qeyd edək ki, bununla abğlı mətbuatda çoxsaylı mülahizələr mövcuddur. Əsas versiya Rövşən Əkbərovun Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov tərəfindən himayə olunmasıyla bağlıdır. Təkcə cəmiyyət deyil, həm də hərbi ekspertlər hesab edirlər ki, sabiq briqada komandiri Azərbaycan Ordusunun ən qaranlıq personası sayılan Nəcməddin Sadıkovun “çətiri” altında olduğu üçün onun cinayətlərini uzun illər gün işığına çıxarmaq mümkün olmayıb.

Rövşən Əkbərovla bağlı məsələ aydındır. Çox güman ki, o, hələ ilkin istintaq döbründə başqa hansı cinayətlərdə iştirak etdiyini açıqlayacaq. Cəmiyyəti onun kimlərlə əlbir olması çox maraqlandırır. Ümid edək ki, Əkbərovun həbsi Ordudakı xainlərlə bağlı müəmmalara da aydınlıq gətirəcək. Azərbaycan torpaqlarının uzun illər ərzində işğal altında qalmasında kimlərin günahkar olduğunu xalq bilməlidir. Hər birimizin buna haqqı var.

Diqqətçəkən ən önəmli məqam isə Rövşən Əkbərovun dərdən məhbəsdə təsbeh çəkdiyi bir vaxtda Nəcməddin Sadıkovun Dubayda kef çəkməsidir. Çox adam bunu sabiq rəisin "əzələ nümayişi" kimi qiymətləndirir. Amma əminəm ki, hüquq-mühafizə orqanları onun çoxillik fəaliyyətini qiymətləndirəndə kef deyil, “srok” çəkəcək...

Seymur VERDİZADƏ 






Fikirlər