Ərdoğanın yerinə Türkiyədə başqası prezident olsaydı... - Millət vəkilindən İDDİALI SÖZLƏR
İki gün sonra AVRO-2020 start götürür. Türkiyə milli yığma komandası Bakıda qrup oyunlarını keçirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan da Türkiyə yığmasının Bakıdakı oyunlarını stadiondan izləyəcək. Sonra ailəsi ilə Şuşaya gedəcək. Həftənin iki mühüm hadisəsi – AVRO-2020-nin başlaması və Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı millət vəkili Aqil Abbasın fikirlərini öyrənməyə çalışdıq. Aqil Abbasın Publika.az-a müsahibəsini təqdim edirik: - Aqil bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir. Özü dedi ki, Şuşaya ailəsi ilə birgə səfər edəcək. Sizcə, Ərdoğanın Şuşa səfərinin hansısa pərdəarxası məqamları varmı? - Ərdoğanın Şuşa səfərinin heç bir pərdəarxası məqamı yoxdur. Türkiyə Prezidenti öz ölkəsinə, Vətəninə gəlir. Ərdoğan 44 günlük Vətən müharibəsində bizim yanımızda oldu. İqtisadi, siyasi... bütün məsələlərdə Türkiyəni yanımızda gördük. Ona görə də Ərdoğanın Şuşaya gəlməsində qeyri-adi bir şey yoxdur. O, ikinci dövlətinə gəlir, burada hansı sətiraltı mesaj ola bilər?! Azərbaycan Rəcəb Tayyib Ərdoğanın ikinci vətəni, ikinci dövlətidir. Biz bir millət, iki dövlətik. Bizim möhtərəm Prezidentimiz Türkiyəyə səfər etdiyi kimi, Ərdoğan da Azərbaycanı ziyarət edəcək. Burada əsas məsələ Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Şuşaya gəlməsidir. Bu, bütün dünya türklərinin, hamımızın ürəyindən keçən bir məsələdir. Dövlət başçısının səfərləri protokol əsasında həyata keçirilir. Biz sevinirik ki, cənab Ərdoğan Şuşaya gəlir. Ərdoğan Şuşada möhtərəm Prezidentlə əl-ələ tutacaq. Necə ki, indiyə qədər əl-ələ tutub birlik nümayiş etdiriblər. Mən səmimi etiraf etmək istəyirəm. - Buyurun, nəyin etirafını etmək istəyirsiniz? - Fikrimcə, Ərdoğanın yerinə Türkiyədə bir başqa prezident olsaydı, bizə bu qədər dayaq durmayacaqdı. Bunu bütün səmimiyyətimlə deyirəm. Çünki əvvəlki prezidentlərdə də biz bunu görmüşük. Bu cür dəstək əvvəlki prezidentlərin dövründə də olmamışdı. Ərdoğan Türkiyəni həm iqtisadi, həm də siyasi müstəvidə qaldırdı, dirçəltdi. Eyni zamanda, bütün dünyaya barmağını silkələyə bildi. İndiyə qədər dünya Türkiyəyə barmaq silkələyirdi. Türkiyə də onlara baxıb qalırdı... Amma Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyəyə barmaq silkələyənlərə barmağını silkələdi. Dünya beşdən böyükdür – dedi. Təkcə türk dünyasını deyil, bütün islam aləmini qorumağa çalışdı. Ərdoğanın cənab Prezidentlə Şuşaya getməsi ən sevindirici haldır. Təsəvvür edin ki, Şuşada bayraqlarımız qoşa dalğalanacaq. Çox arzu edirəm ki, Pakistanın Prezidenti də Azərbaycana, Şuşaya gəlsin. Yəqin ki, o da Şuşaya təşrif buyuracaq. - Ərdoğan Bakıda Türkiyə yığmasının oyununu da izləyəcək. Ümumiyyətlə, Türkiyə millisinin AVRO-2020-dəki şanslarını necə qiymətləndirirsiniz? - Bilirsiniz ki, mən futbol xəstəsiyəm. Türkiyə millisinin Bakıda oynamasının bir özəlliyi ondan ibarətdir ki, Türkiyə yığması bizim azarkeşlərin güclü dəstəyi ilə meydanda rəqibə qarşı oynayacaq. Ərdoğan da ikinci oyuna – Türkiyə-Uels görüşünə baxmağa gələcək. Türkiyənin şanslarını yüksək dəyərləndirirəm. Ona görə ki, adam öz evində güclü olur. Hər kəs öz elində-obasında güclüdür. İndi Türkiyə də Bakıda öz evində oynayır. 1992-ci il idi. Mən öz qələm yoldaşlarımla birgə İbrahim Tatlısəsin konsertinə getmişdim. Konsert bahalı kazinoda təşkil olunmuşdu. İbrahim Tatlısəs orada ingilislər üçün ingiliscə, almanlar üçün almanca mahnılar oxuyurdu. Bizə çatanda “neredensiniz?” dedi. Cavab verdik ki, Azərbaycandanıq. Dedi ki, siz öz evinizdəsiniz. Sizdən heç bir mahnı oxumayacağam. Biz də bir az pərt olduq. Sonra gəlib bizim masamıza yaxınlaşdı. Dedi ki, bura sizin öz evinizdir və bütün konserti bizə həsr etdi. İndi Ərdoğan öz evinə gəlir, Türkiyə millisi də öz evində oynayır. Bu nüans çox şeyi həll edir. Torpaq güclü olur – deyib atalarımız. Demirəm ki, Türkiyə bu dəfə Avropa çempionu olacaq, amma Türkiyə millisi gözəl oyun nümayiş etdirəcək. Bizi də sevindirəcək. Futbolun siyasi çalarları da var. Ərdoğanın futbola gəlməsi də bir siyasətdir. Ən əsası, Ərdoğan futbola baxacaq, öz evində plov yeyəcək. Görəcək ki, Azərbaycan xalqı Türkiyənin yanındadır. Dünən bir türkiyəli güləşçi erməni rəqibini məğlub elədi. Türkiyə ilə yanaşı, Azərbaycanın da bayrağını əlində tutdu, dalğalandırdı. Qardaş, bu bayraqlar artıq birləşib. Bundan sonra heç bir qüvvə Türkiyə və Azərbaycan bayraqlarını ayıra bilməz. Bu bayraqları, bu millətləri bir-birinə Ərdoğan və İlham Əliyev bağladı. Həmişə bir millət, iki dövlət deyirdik. Bu gün – 44 günlük müharibədə bir millət, iki dövlətin nə olduğunu bir daha gördük. - Aqil bəy, Avropa çempionatının 4 oyunu Bakıda keçirilir. Amma Azərbaycan millisi final mərhələsinə qatıla bilmədi. Bir azarkeş kimi bu, sizə necə təsir edir? Hansı hissləri keçirdiniz? - Heç bir hiss keçirmirəm. Dəqiq bilirəm ki, Azərbaycan millisi ən azından 10-15 il bu cür turnirlərdə iştirak edə bilməyəcək. Azərbaycanın milli yığması var ki?! Belə bir milli yoxdur... - Axı futbolun inkişafına pul da ayrılmışdı... - Pulla futbol olmur, futbol namusdur, futbol qeyrətdir. O yığmanın baş məşqçisi, futbolçuları üzülmürsə, ağlamırsa, o yığma yığma deyil. Hazırkı baş məşqçimiz De Byazinin nə vecinədir ki, Azərbaycan millisi uddu, yoxsa uduzdu... O biri xarici məşqçilər də elə olub. Məsələn, siz hər səhər işə gələndə düşünürsünüz ki, nə yazasınız ki, yazınız daha çox oxunsun. İşə də, yazıya da sevgi ilə yanaşırsan. Bir də var ki, jurnalist işə gəlir, deyir ki, nə tapşırıq versələr yazıb çıxım gedim. Başını girələyir, yola verir. De Byazisi, Berti Foqtsu Azərbaycan millisi üçün heç nə etmədi və etməyəcək. Bir dəfə qəzetdə də yazmışdım ki, Azərbaycan futbolunu keçmiş baş məşqçi Foqtsdan daha gözəl bilirəm. Dəfələrlə demişəm ki, Azərbaycan milli komandasına məni baş məşqçi qoysunlar. Ən azından yığmamızı müəyyən yerlərə çatdıraram. Bu, bir az zarafatdır, bir az ironiyadır. Foqtsla 5 illik müqavilə bağlamışdılar. Amma Qurban Qurbanova 6 aydan sonra dedilər ki, get. Onunla da müqavilə bağlanılmışdı, sadəcə olaraq, Qurbanov həyasızlıq eləmədi. Getdi... Azərbaycanda Qurban Qurbanov, Ağasəlim Mircavadov, Ramiz Məmmədov kimi yaxşı baş məşqçilər var. Bunlar De Byazidən min dəfə yaxşı məşqçidirlər. Gərək baş məşqçi də özündən olsun.