"İlham Əliyevin ikinci terror aktından sonra Türkiyəyə getməsi, onu göstərdi ki..."
Ərdoğanın Azərbaycana növbəti səfəri də təxirə düşə bilərmi?
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelinin 25-də Azərbaycana bir günlük səfər edəcək. Ərdoğan və bir necə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak etməkdir.
Bildiyimiz kimi, bundan öncə iki dəfə Ərdoğan Azərbaycana səfərini təxirə salmışdı. Səbəb isə həmin səfərlərdən bir gün öncə Türkiyədə törədilmiş terror aktları olmuşdu. Son terror hadisəsindən sonra isə Azərbaycanın prezidenti İlham Əliyev özü Türkiyəyə səfər etmişdi. Və bununla da dünyaya bir daha Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğu mesajı verilmişdi. Ərdoğanın aprelin 25-də Azərbaycana edəcəyi səfəri Türkiyədə yenidən terror hadisəsi törədilə biləcəyi ehtimallarını bir daha gündəmə gətirib. Görəsən səfər öncəsi Türkiyədə hər hansı bir insident və ya terror hadisəsi törədilə bilərmi? Və belə olacağı təqdirdə Ərdoğan ölkəmizə növbəti səfərini də təxirə salarmı?
Moderator.az-ın bununla bağlı suallarına politoloq Elxan Şahinoğlu aydınlıq gətirib.
Politoloq bildirib ki, növbəti dəfə heç bir qüvvə Ərdoğanın Azərbaycana səfərini təxirə sala bilməz: “Ərdoğanın Azərbaycana səfəri öncəsi törədilən birinci terror hadisəsini təsadüfi hesab etmək olardı. Ancaq növbəti dəfə yenidən məhz Azərbaycana səfərindən qabaq terror aktı törədilməsi göstərdi ki, bunlar heç də təsadüfi deyil. Terror aktları məhz Ərdoğanın Azərbaycana səfərini önləmək, iki ölkə başçılarının görüşlərinə mane olmaq məqsədi güdürdü. Ancaq prezident İlham Əliyevin ikinci terror aktından sonra dərhal Türkiyəyə getməsi, Ərdoğanın yanında olması göstərdi ki, bu görüşləri əngəlləməyə heç kimin gücü yetməz. Düşünürəm ki, Ərdoğanın Azərbaycana bu dəfəki səfəri çərçivəsində Türkiyədə heç bir insident baş verməyəcək. Çünki hər hansı terror hadisəsi baş verəcəyi təqdirdə belə Ərdoğan bu səfərini təxirə salmayacaq”.