Azərbaycan rus silahlarından imtina edir? - “Həm Türkiyə, həm İsrail, həm də Pakistandan...“
Uzun illərdir Rusiya müttəfiqi olan Ermənistanı qonşusu Azərbaycana qarşı silahlandırmağa davam edir. Moskvanın “hədiyyə”si olan bu silahlar isə Azərbaycanda nəinki hərbçilərin, yüzlərlə dinc əhalinin ölümünə səbəb olur. Hələ 1993-1996 illərdə Moskvadan İrəvana 1 milyard dollar dəyərində silah yardımı göstərilib. 2008-ci ildə isə Ermənistanın öz havadarından 800 milyon dollar dəyəri olan silah-sursat aldığı mətbuatda əks olunub. 2015-ci ildə iki müttəfiq arasında kredit müqaviləsi imzalanmışdır ki, Ermənistan 200 milyon dollarlıq kreditə də Rusiyadan daxili bazar qiymətinə silah alıb. Bütövlükdə 2010-18-ci illərdə isə rəsmi Moskva İrəvanı 50 min ton civarında silahla təchiz edib. Tovuz hadisələrində də Rusiya Ermənistana müasir silahlar göndərdi. İkinci Qarabağ müharibəsindən sonra isə ixracı beynəlxalq müqavilə ilə qadağan edilmiş Rusiya istehsalı İsgəndər-M” raketinin qalıqları Şuşada aşkarlandı. Yəni Rusiya Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Ermənistanı 30 ildə həm də qanunsuz şəkildə silahlandırıb. Məlumdur ki, biz də hər il qanuni yolla Rusiyaya silah üçün 5 milyard pul veririk. Amma bununla yanaşı, bizim silah idxalında Türkiyə, Pakistan və İsrail kimi güclü müttəfiqlərimiz də var. Ona görə də ölkə başçısının da dediyi kimi, Rusiya Ermənistanı nə qədər silahlandırsa da, güclər nisbəti dəyişməyəcək. Bəs belə olan halda, görəsən, Azərbaycanın rus silahlarından imtina edib bütün vəsaiti Türkiyəyə yönəltməsi mümkündürmü? Məsələni Yenisabah.az-a şərh edənpolitoloq Elman Vəliyev Rusiyadan imtina etməyin balanslaşdırılmış siyasətə zidd olacağını vurğulayıb: “Prezidentin çıxışı təkcə Rusiyaya deyil, Ermənistana havadar duran, onu silahlandırmağa çalışan digər dövlətlərə də bir mesaj idi ki, nə qədər silahlandırsanız da, güclər nisbəti dəyişməyəcək. Bu gün Rusiya hər iki tərəfə-həm Azərbaycana, həm də Ermənistana silah satan ölkə rolunu oynayır. Ancaq buna baxmayaraq, Azərbaycan bildirib ki, müdafiə sənayesi ilə bağlı həm Pakistan, həm Türkiyə, həm də İsraillə əməkdaşlığını davam etdirir. Biz Şuşa Bəyannaməsini müdafiə sahəsində bağlanmş müqavilə hesab edirik. Həmçinin yaxın zamanda İsraildən 2 milyard dollar dəyərində silah alınması məsələsi var. Yəni Azərbaycan tək deyil. Rusiyadan imtina etmək isə balanslaşdırılmış siyasətə ziddir. Çünki regionda Rusiyanin bir ağırlığı var. Ona görə də Azərbaycan siyasi arenada Rusiya ilə əməkdaşlığı davam etdirəcək. Biz imtina etsək, bu xarici siyasətimizə zidd olar və Rusiya Ermənistana daha da dəstək verə bilər. Çıxış yolu kimi ancaq açıq şəkildə bildiriş verilməsi lazım idi ki, bunu da prezident elədi”.