Pezeşkian Bakıda: Düyünlər açılır?

Pezeşkian Bakıda: Düyünlər açılır?

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri təkcə diplomatik jest deyil, iki qonşu ölkə arasında münasibətlərdə yeni bir səhifənin açılması üçün real imkan kimi dəyərləndirilə bilər. Azərbaycanla İran arasındakı tarixi münasibətlər bəzən isti, bəzən isə kifayət qədər gərgin olub. Divar qonşusu ilə davamlı qarşıdurma isə nə birbaşa, nə də dolayı yolla tərəflərdən heç birinə fayda gətirmir.

Bu gərginlik ocaqları yüzillərlə dayanır. Ən təhlükəlisi isə odur ki, həm daxili, həm də xarici qüvvələr zaman-zaman bu ocağı isti saxlamağa çalışır. Ona görə də münasibətlərdə müsbət dönüş yaratmaq hər iki tərəf üçün ağıllı idarəetmə tələb edir. Bu isə 3-5 günə nəticə verə bilməz. Uzunmüddətli, davamlı cəhdlərə ehtiyac var.

Hazırda Azərbaycanda Məsud Pezeşkiana qarşı münasibət müsbətdir. Onun ana dilimizdə danışması, tez-tez Şəhriyarın şeirlərini səsləndirməsi istər-istəməz xalq arasında bir simpatiya yaradıb. Bu, həm də İranın yeni rəhbərliyinin Azərbaycanla münasibətlərdə fərqli, daha anlayışlı bir xətt izləmək niyyətinin rəmzi sayıla bilər. 

Dil, din, mədəniyyət və ortaq tarixi bağlar iki dövlət arasında təbii yaxınlıq yaradır. Bu resurslardan düzgün istifadə olunarsa, münasibətlərin gələcəkdə daha sağlam zəmində inkişafı mümkündür. Pozitiv siqnallar yalnız diplomatik arenada deyil, iqtisadi sahədə də müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 157,1 milyon dollara çatıb ki, bu da son 5 ilin ən yüksək göstəricisidir.

Bu artım tendensiyası göstərir ki, hər iki tərəf ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. İqtisadi əməkdaşlıq isə siyasi münasibətlərin sabitləşdirilməsində ən effektiv alətlərdən biridir. 

Bütün pozitiv ab-havaya baxmayaraq, münasibətlərdə tam bir normallaşmadan danışmaq hələ tezdir. Sərhəd təhlükəsizliyi, regional siyasət, ideoloji fərqlər kimi bir çox həssas mövzular öz aktuallığını qoruyur. Bundan başqa, bəzi hallarda daxili siyasi qüvvələr və xarici oyunçular bu əlaqələrin pozulmasında maraqlı olurlar.

Buna görə də diplomatik jestlər və iqtisadi uğurlar nə qədər vacib olsa da, əsas məsələ - qarşılıqlı etimadın bərpası və qorunmasıdır. Hər iki ölkə üçün ən böyük sınaq bu müsbət impulsları uzunmüddətli əməkdaşlığa çevirməkdir.

Bu baxımdan, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfərdən əsas gözlənti, siyasi dialoqun daha da dərinləşməsi və qarşılıqlı etimadın möhkəmlənməsidir. İndiyədək müşahidə olunan dostluq mesajları və ortaq mədəni irsə vurğular gələcəkdə Bakı və Tehran arasında daha açıq, daha konstruktiv siyasi əlaqələrin qurulacağına ümid yaradır.

Bütün bunlarla yanaşı, səfərdən gözlənilən ən mühüm nəticə yaranmış pozitiv atmosferin qorunması və uzunmüddətli əməkdaşlıq ruhunun formalaşmasıdır. Bu səfər sadəcə diplomatik jestlərlə məhdudlaşmasa, ardıcıl və konkret addımlarla davam etdirilərsə, Azərbaycan və İran münasibətlərində yeni bir sabitlik mərhələsi başlaya bilər.

Elnur Məmmədli






Fikirlər