İranın cənubundakı Bəndər Abbas şəhərində Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran İslami Məşvərət Şurasının (Parlament) Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian məlumat verib.
Onun sözlərinə görə, 18 cəsədin şəxsiyyəti hələ də müəyyən edilməyib.
"Dünən axşam saatlarından indiyədək 1241 zərərçəkən tibb məntəqələrinə yerləşdirilib, onlardan 994-ü artıq evə buraxılıb, 240 nəfərin müalicəsi stasionarda, o cümlədən 37 nəfərin Reanimasiya şöbəsində davam etdirilir. 5 nəfərin yanıq xəsarətləri ağırdır. Məhkəmə ekspertizası şöbəsində də olduq və hazırda əlimizdə 36 cəsəd var, onlardan 18-nin şəxsiyyəti müəyyən edilib, qalanları ağır yanıqlar səbəbindən tanınmaz vəziyyətdədir və onların şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur", - deyə M.Camalian bildirib.
O, yanğın tam söndürüldükdən sonra aşkarlanan cəsədlərin sayının artacağını da istisna etməyib.
Fikirlər