Batumidə hoteldə baş verən yanğın söndürülüb, 11 NƏFƏR ÖLÜB

Batumidə “Leogrand” hotelindəki yanğında ölənlərin sayı 11-ə çatıb.

APA-nın yerli bürosu bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hazırda həmin şəxslərin identifikasiyası aparılır. Xilasedicilər hoteldən 100-dən çox insanı təxliyə edib.

***

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı barədə yeni məlumat yayıb.

APA-nın Gürcüstan bürosu məlumata istinadla xəbər verir ki, yanğında 11 nəfər ölüb və hazırda onların identifikasiyası həyata keçirilir.

Öncə DİN yanğın nəticəsində 12 nəfərin ölməsi barədə məlumat yaymışdı.

Daxili işlər naziri Giorgi Qaxariya ölənlərin sayının artacağını istisna etməyib. O, ölənlər arasında xarici vətəndaşların da olduğunu deyib.

***

Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.

O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.






Fikirlər