“HƏR ŞEYƏ ƏLİ HƏSƏNOV QƏRAR VERİRDİ...” - "KİVDF işi"-ndə sensasiyalı ifadələr...

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti dövründə on milyonlarla vəsaitin “yeyintisi”, israf olunması və sair məsələlərin araşdırılması üçün avqustun 20-də məhkəmə istintaqı başlayır. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.

11 il Fondun icraçı direktoru olmuş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərləəlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yoluyla şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinəəməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib.

Restoranların icarədarları və inzibatçılarının cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbinə gəlincə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bir çox bayramlarda tədbirləri, mükafatlandırma mərasimləri bu restoranlarda keçirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarda ortaya çıxıb ki, həmin tədbirlərdə sənədləşmə zamanı qonaqların sayı gerçəkdə olduğundan çox göstərilib, menyunun qiyməti şişirdilib və s.

Vüqar Səfərli istintaqa qısa ifadə verib. O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyərək deyib ki, 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılanda prezidentin sərəncamı ilə 4 illik bu qurumun icraçı direktoru təyin edilib, 2013 və 2017-ci illərdə də prezident onunla bağlı eyni məzmunlu sərəncamlar verib, 4 aprel 2020-ci ilə qədər bu vəzifədə işləyib. V. Səfərli qeyd edib ki, prezidentin 3 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Fond haqqında Nizamnaməyə uyğun olaraq, üzərinə düşən vəzifələri yerinə yetirib.

Press Klub”un araşdırması zamanı məlum olub ki, cinayət işinin materiallarında prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun əleyhinə də xeyli ifadə var.

 

 

2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isəƏli Həsənov həyata keçirirdi. S. Mustafayev həm də Fondda Tender Komissiyasının üzvlərindən biri olub. Amma ifadəsində söyləyib ki, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq sənədlər hazırlanır, özü də daxil olmaqla Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı.

Media nümayəndələri üçün Bibiheybətdə inşa olunan ilk 2 binanın tikintisində podratçı “Portos” MMC olub, direktoru da hazırda Vüqar Səfərli ilə birlikdə həbsdədir. S. Mustafayev ifadəsində deyib ki, bu MMC Əli Həsənova yaxın şirkətdir və məhz onun göstərişi ilə jurnalist binalarının tikintisi “Portos”a tapşırılıb.

S. Mustafayevin dediyinə görə, təkcə bina tikintisi kimi bir neçə milyonluq layihələr yox, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərdə dəƏli Həsənov qərar verirdi: “Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

O, restoranlarda ziyafətlərin keçirilməsi barədə dəətraflı ifadə verib. S. Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il üç dəfə – Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu. Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı: “Son iki ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktikialınmamışdı”.

Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli və Mirsəid Ağayev də təmsil olunub.

Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında keçmiş Fond rəhbərinin vəkili məsələ qaldırıb ki, onun özü ilə yanaşı, oğlunun bankdakı hesabının da üzərinə həbs qoyulub, heç bir əməliyyat həyata keçirə bilmir. Cinayət işinin materiallarından məlum olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə təkcə “Rabitəbank”da Səfərli ailəsinin 850 min manat pulunun üzərinə həbs qoyulub. Vüqar Səfərlinin hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait olub. Bundan başqa, Vüqar Səfərlinin “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı 3 avtomobilinin, Bakıda və bölgələrdə yerləşən ev, torpaq sahələrinin, mağazasının da üzərinə həbs qoyulub. Bu əmlaklar arasında onun həyat yoldaşı və ya oğlunun adına olanlar da var. Əgər məhkəmə sonda Vüqar Səfərlinin təqsirli olması nəticəsinə gələrsə və müəyyənləşdirilmiş ziyan o vaxta qədər ödənilməsə, üzərində həbs olan əmlaklar məhkəmənin qərarıyla müsadirə edilə bilər.

Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib. Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev 1 milyon manat ödəyib.

İş üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb. Xatırladaq ki, Vüqar Səfərli və digərlərinin həbsindən bir müddət sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olunub. Prezidentin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə onun bazasında bu qurum yaradılıb.






Fikirlər