SAHİBKARLAR “YAĞIŞDAN ÇIXIB, YAĞMURA DÜŞÜR...” - Vergi Məcəlləsində qeyri-adi yenilik
Vergidən şikayət edənləri yoxlayacaqlar Azərbaycanda olduqcq tez-tez dəyişən vergi qanunvericiliyinə daha bir maraqlı dəyişiklik ediləcək. “AzPolitika.info” xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək həmin dəyişiklik vergi orqanının qərarından şikayət edən sahibkarların daha ətraflı şəkildə yoxlanılmasına imkan yaradacaq. Nəticədə məcəlləyə əlavə ediləcək yeni maddəyə əsasən, Vergi Xidməti vergi yoxlamasının nəticələrindən şikayət edən ödəyəcinin fəaliyyətinin istənilən hesabat dövrünü yoxlamaq hüququ əldə edəcək. Yəni, vergi orqanının cari dövrlə bağlı yoxlamasının nəticəsindən şikayət edən sahibkarın əlavə olaraq, ötən dövrlərdəki hesabatları, fəaliyyəti yoxlana bilər. Bu, o deməkdir ki, vergi orqanından şikayət edən sahibkar bir növ “yağışdan çıxıb, yağmura düşəcək”. Əksər sahibkarlar üçün heç də sevindirici xəbər olmayan bu yenilik 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub. Təbii ki, həmin bu dəyişiklik istər-istəməz sahibkarların narazı qaldıqları vergi yoxlamalarından şikayət etməsinin qarşısını ala bilər. Bu isə əksər ekspertlər tərəfindən heç də biznes mühitinin liberallaşmasına xidmət edən addım kimi qəbul olunmur. Çünki hökumətin özü tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmalı olan addımlar sırasında yoxlamaların sayının azaldılması prioritet məsələlərdən biri kimi göstərilib. Bu baxımdan sözügedən dəyişiklik bir qədər anlaşılmaz və hökumətin strategiyasına münasibətdə ziddiyyətli görünür. Sanki bu yenilik Dövlət Vergi Xidmətinin vergi ödəyicilərini şikayət etməkdən çəkindirməyə çalışdığına dair təəssürat yaradır. “Fed.az” Vergi Məcəlləsinə ediləcək sözügedən dəyişikliklərin aşağıdakılardan ibarət olduğunu qeyd edib: 38.3.9. Aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.