Regional Təhsil idarələrinin yaradılması hansı nəticələr verəcək? - Açıqlama

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda dəyişiklik edib. Ölkə başçısının imzaladığı sərəncamla Təhsil Nazirliyinin bütün rayon/şəhər şöbələri ləğv edilərək, onların bazasında 12 Regional Təhsil İdarəsi yaradılıb.

Təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a açıqlamasında bildirib ki, ümumilikdə, regional Təhsil idarələrinin yaradılması təhsil sistemində şəffafllığı təmin edəcək:
“Regional idarələrin yaradılması günün tələbi idi. Buna doğurdan da çox ehtiyac var idi. Ölkə başçısı imzaladığı sərəncamlarla rayon Təhsil şöbələri ləğv olunaraq, onların bazasında regional idarələr yaradılıb. Mən hesab edirəm ki, Prezidentin bu sərəncamını ancaq alqışlamaq lazımdır. Çünki bu saat bizdə optimallaşdırma və rassionalaşdırma ilə bağlı çox işlər görülür. Buna misal olaraq, ayrı-ayrı kolleclərin universitetlərin nəzdinə verilməsini deyə bilərik. Bu proses dünya təcrübəsinə əsasən aparılır”.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan bu çox vacib idi: “Digər tərəfdən, sözügedən sərəncamda yaradılan bu bregional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar. Qeyd edim ki, bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır”.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, bu gün ölkədə regional idarəetmə formasına keçid etməyən dövlət qurumları barmaqla sayılacaq qədərdir: “Rayonlarda və şəhərlərdə yalnız hüquq-mühafizə orqanları və yerli icra hakimiyyətləri​ hələlik ənənəvi idarəetmə formasında fəaliyyətlərini davam etdirirlər. Digər dövlət qurumlarının rayonlarda yalnız kiçik, bir neçə nəfərlik şöbələri qalıb. Düşünürəm ki, Prezident İlham Əliyevin təhsil sektorunda regional idarəetmə ilə bağlı bu günkü​ növbəti sərəncamını da ölkədə yeni, daha səmərəli​ idarəetmə modelinə keçid olaraq, bütün icra hakimiyyətlərinin ləğvi, əvəzində isə 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının formalaşmasına doğru növbəti addım kimi dəyərləndirmək olar”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Prezident İlham ƏliyevinTəhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə ​ Nazirliyin regional idarələrinin yaradılması haqqında imzaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir: “Təhsil Nazirliyinin ləğv edilən rayon, şəhər şöbələrinin bazasında 12 Regional Təhsil İdarəsinin yaradılması təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır: “Regional Təhsil İdarələrinin yaradılması onu göstərir ki, artıq rayonlar üzrə idarəçilikdən regionlar üzrə idarəçiliyə keçilır. Bu da çox önəmli bir məsələdir”.

 






Fikirlər