24.07.2014- Regional Təhsil idarələri yaradıldı (SİYAHI)
ANS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəzifələrdəndir. Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir.
Dövlət başçısı Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin aşağıdakı regional idarələrinin yaradılmasını qərara alıb:
- Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;
- Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;
- İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;
- Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;
- Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;
- Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;
- Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;
- Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;
- Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;
- Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;
- Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;
- Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;
- Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;
- Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;
- Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.
Bu sərəncamla "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu" təsdiq edilir.
Təhsil Nazirliyinin strukturuna aşağıdakılar daxildir:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlar:
2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi;
2.2. regional təhsil idarələri.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin edəcək.
Bu sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.