Rusca danışan, tanınma nişanı olmayan hərbçilər Alma-Atada dinc insanları qırır - VİDEO

Rusca danışan, tanınma nişanı olmayan hərbçilər Alma-Atada dinc insanları qırır - VİDEO

Bu gün yanvarın 8-də səhər saatlarında Alma-Atanın mərkəzində atışmaların hələ davam etdiyi bildirilir. Qazaxıstan hüquq-mühafizə orqanları şəhərdə “antiterror əməliyyatının davam etdiyi” haqda məlumat yayıb. Məlumata görə silahlılar xiyabanlarda və parklarda gizlənir, təhlükəsizlik qüvvələrinin işini Alma-Ataya çökmüş qatı duman çətinləşdirib. Saxlanılanların və öldürülənlərin dəqiq sayı məlum deyil. Amma təxmini məlumatlara görə indiyədək  4 mindən çox adam tutulub, şəhər morqların meyitlərlə dolu olduğu bildirilir.
 

 

 
Bu arada KTMT kontingenti adı altında Rusiya desant qoşunlarının da Qazaxıstana yeridilməsi davam etdirilir. Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə İvanovsk  vilayətində hava-desant qoşunlarının və onların texnikasının Qazaxıstana göndərilmək üçün  İl-76 təyyarələrinə yüklənməsi davam edir. Gün ərzində 20 reys həyata keçirilməsi nəzərdə tutulur. Məlumatda deyilir ki, desantçıların daha əvvəl Qazaxıstana çatan hissələri artıq öz vəzifələrini yerinə yetirməyə başlayıblar.
 
 
Bu vəzifələr isə təkcə rəsmi məlumatlarda deyildiyi kimi, strateji obyektlərin mühafizə altına alınmasından və ya asayişin bərpasına dəstək verməkdən ibarət olmaya bilər. Çünki Qazaxıstandan rus desantçılarının mülki sakinlərə, heç bir silah daşımayan və hətta etiraz aksiyalarında belə iştirak etməyən dinc insanlara atəş açıb öldürdüyünə dair çoxsaylı məlumatlar daxil olur.
 
Məsələn, “Forbes Qazaxıstan” jurnalının müxbiri Ardak Bukeyevə dünən Alma-Atada baş verənlər haqda Belsat.tv-yə danışıb. Jurnalist bildirib ki, o nələrin baş verdiyini öyrənə bilmək üçün şəhərin mərkəzinə tərəf gedib. Orada BTR-lərin və formalarında tanınma nişanları-şevron olmayan hərbçilər xəbərdarlıq etmədən ona tərəf atəş açıblar. Bukeyeva deyir ki, o jurnalist vəsiqəsini yuxarı qaldırıb hərbçilərə göstərib, amma məhəl qoyulmayıb və ona geri qayıtmağı əmr ediblər.
 
 
Geri qayıdanda Bukeyeva şəhərin mərkəzi meydanının yaxınlığında yanvarın 7-nə keçən gecə baş verənlərin şahidi olmuş bir qrup sakinlə söhbətləşib. Onlar deyiblər ki, axşam saatlarında meydanda aralarında qadınların və yaşlıların da olduğu təxminən 200 nəfərlik qrup qalmışdı. Həmin qrup dinc aksiya keçirirdi və Qazaxıstan hakimiyyətinə müraciətin mətnini müzakirə edirdi.
 
Bu vaxt BTR meydana yaxınlaşıb və heç bir xəbərdarlıq etmədən toplaşanlara atəş açılıb, o cümlədən qumbaraatandan. İnsanlar panika içərisində qaçıblar, ölənlərin meyitləri və yaralananlar meydanda qalıb. Qaçıb yaxınlıqdakı həyətlərə sığınan aksiya iştirakçıları ara sakitləşəndə çıxıb yaralıları və meyitləri götürmək istəyiblər, amma öz aralarında rusca danışan, desantçı formasında olan və tanınma nişanları daşımayan hərbçilər yenə də heç bir xəbərdarlıq etmədən onlara atəş açıb daha bir neçə nəfəri öldürüblər.
 
Şahidlərdən biri deyib ki, öldürülənlərin meyitləri və yaralılar köməksiz halda səhərə qədər küçədə qalıb. Səhərə yaxın onlarla təcili yardım maşını gələrək meyitləri morqa aparıb.(virtualaz.org)
 

 






Fikirlər