Azərbaycandan BÖYÜK DƏSTƏK! SOCAR-ın Ukraynadakı YDM-ləri benzini PULSUZ ETDİ!

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.

Musavat.com-un mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, göstərişə əsasən, Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir.

  Ukrayna xalqına böyük dəstəkdir və Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisidir.

Xatırladaq ki, bir saat öncə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək humanitar yardımlara görə təşəkkür etməsi ilə bağlı rəsmi məlumat yayılıb.

***

Məlumat yayıldıqdan bir neçə saat sonra Musavat.com-un ekskluziv xəbəri öz təsdiqini tapıb.

  Bu barədə SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov öz feysbuk səhifəsində məlumat paylaşıb. 

Sözügedən məlumatı təqdim edirik: 

"Jurnalistlər və ictimaiyyət nümayəndələri tərəfindən ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq, bu məlumatı burada da paylaşıram:

Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək".
 
***
 
Qeyd edək ki, "SOCAR Energy Ukraine" şirkətinin təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verməsini Ukraynanın prezidenti Volodimir Zelenski də təsdiqləyib.






Fikirlər