11.06.2014.- Poroşenko Azərbaycanın Ukraynaya dəstəyini qiymətləndirdi

11.06.2014.- Poroşenko Azərbaycanın Ukraynaya dəstəyini qiymətləndirdiAzərbaycanın Ukraynaya dəstəyi nəticəsini verməyə başlayıb. Yeni hökumət ölkədə yaşayan azərbaycanlılara dövlət orqanlarında müxtəlif postlar təklif edir. Son iki həftədə soydaşlarımız Ukraynada müxətlif vəzifələrə təyin edilib, seçkili orqanlarda təmsil olunublar.
BMT-də Ukrayna ilə bağlı keçirilən dinləmələrdə Ermənistandan fərqli olaraq Azərbaycan nümayəndə heyəti birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi. Rusiyanın regionda hegemonluğunu nəzərə alsaq, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi cəsarətli addım sayılır. İlk günlərdən bildirilirdi ki, Azərbaycanın bu dəstəyi bəhrəsiz qalmayacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda isə Qafqaz xalqları Ukrayna konqresinin rəhbəri Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında vacib postlara seçiliblər. Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Ukraynanın xarici siyasətinin müəyyənləşdirən məşvərətçi orqan olan Xarici İşlər Nazirliyi Radası eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. P. Məmmədov Ukrayna XİN Radasında təmsil olunan yeganə azərbaycanlıdır. O, Qax rayonunun keçmiş icra başçısı, hazırda isə Azərbaycanda Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi olan Xəyyam Məmmədovun oğludur.
Ukraynanın tanınmış jurnalisti Rəna Nəzərova isə 25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. O, Vitali Kliçkonun “Udar” Partiyasını təmsil edir və yerli hakimiyyət orqanında təmsil olunan yeganə azərbaycanlı qadındır.
Bundan başqa, tanınmış hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib.
Həmçinin Azərbaycan diasporunun internetdə yayımlanan televiziya kanalı - “Diaspora TV” fəaliyyətə başlayıb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Qeyd olunur ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun təsis etdiyi telekanalın məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimaiyyətinə təqdim etmək, ölkə haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını almaqdır. Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq. Xəbərləri Ukrayna ali məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər hazırlayacaq. Verilişlərin Azərbaycan, rus, Ukrayna, ingilis dillərində və digər dillərdə yayımlanması nəzərdə tutulub.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, yuxarıda qeyd olunanlar Ukraynada yaşayan azərbaycanlıların prezident seçkisində əsasən Poroşenkoya səs vermələrinin müsbət bəhrəsidir: "Poroşenkonun yaxın ətrafı azərbaycanlıları irəli çəkməyə başlayıb. Düşünürəm ki, yaxın gələcəkdə Ukraynanın yeni hakimiyyəti ilə Bakı arasında da sıx əlaqələr qurulacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı çalışmalarını artıqmaq istəyi də xəbər verir".
Qeyd edək ki, SOCAR bu ölkədə öz biznesini bundan sonra da inkişaf etdirmək niyyətindədir. Şirkətin Ukraynadakı nümayəndəliyindən mətbuata verilən məlumata görə, SOCAR yeni yanacaqdoldurma kompleksləri inşa etmək və iş yerləri yaratmaq planları dəyişməyib. Məlumata görə, şirkət Ukraynadakı yanacaqdoldurma komplekslərini bu ilin payızına qədər 50 faiz artırmağı planlaşdırır. Hazırda şirkətin bu ölkədə 40-a yaxın yanacaqdoldurma məntəqsi fəaliyyət göstərir. O cümlədən, Ukraynada şirkətin təmsil olunmadığı vilayətlərdə də yaxın vaxtlarda yeni yanacaqdoldurma komplekslərinin açılması gözlənir.
"SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov açıqlamasında bildirib ki, onların məqsədi şirkətin Ukrayna yanacaq bazarında mövqelərini möhkəmləndirməkdir: "Odur ki, istər Ukrayna paytaxtında, istərsə də onun regionlarında yanacaqdoldurma komplekslərimizdən ibarət şəbəkənin sabit inkişafını və əhalinin Avropa standartlarına uyğun neft məhsulları ilə təmin olunmasını davam etdiririk".
SOCAR 2009-2013-cü illərdə Ukraynada biznesin inkişafına 160 milyon dollardan, sosial və xeyriyyə təşəbbüslərinə 5 milyon dollardan çox sərmayə yatırıb. SOCAR-ın yanacaqdoldurma məntəqələri Kiyev, Odessa, Lvov, Nikolayev, Rovno, Çerkassı, Xmelnitski və Poltava vilayətlərində fəaliyyət göstərir. Şirkət Polşa, Litva və Belarusun aparıcı neft emalı zavodlarının "Avro-5" standartlarına müvafiq neft məhsullarını idxal edir.
Rusiyanın Ukraynaya neft və qaz təchizatı sahəsində problemlər yaratdığını nəzərə alsaq, SOCAR-ın bu ölkədəki fəaliyyətini genişləndirməsi üçün siyasi risklərlə yanaşı, iqtisadi imkanların olduğunu deyə bilərik.






Fikirlər