Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, idarənin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini Sahib Ələkbərovun apellyasiya şikayətlərinə baxılacaq tarix məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şikayətə noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Mövlam Şıxəliyevin ailə üzvləri, dövlət ittihamçısı və iş üzrə zərərçəkənlər də apellyasiya şikayəti veriblər.
Sentyabrın 21-də Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan şöbə rəislərinə hökm oxunub. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş keçmiş şöbə rəisləri Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu.
Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub.