“Bizim “Heydər Əliyev ili” çərçivəsində əfv və amnistiyaya düşməsi üçün verdiyimiz adlar fərqlidir. Biz demişik ki, Eldar Həsənov və Hüseyn Abdullayev hazırda xəstədirlər. Ona görə də onları buraxsalar, daha yaxşı olar. Biz bu siyahını təqdim etmişik, amma Cahangir Hacıyevi haradan o siyahıya salıblar, mən başa düşə bilmirəm”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib:
“Bizim siyahımızda həm də ömürlük həbs alanlar var ki, onları da buraxmaq lazımdır. Hansı ki, 20 ildir ki, həbsdədirlər və artıq bu adamların cəmiyyətə heç bir ziyanı olmaz. Lakin Cahangirin məsələsinin buraya aidiyyəti yoxdur axı. Haradan, necə götürüb onu yazıblar, anlamıram. Amma qalan şəxslərin adları doğrudur”.
N.Cəfəroğlu təklif edib ki, Azərbaycanda siyasi məhbus məsələsi olmasın və hamımız rahat olaq ki, nə Avropa, nə də o biri dövlətlər bizə bu barədə irad tutmasınlar:
“Üstəlik, Eldar Həsənovla Hüseyn Abdullayevin adı ayrıca gedir, çünki onlar siyasi məhbus deyillər axı? Bizdə siyasi məhbuslar blogerlər, jurnalistlər, siyasi partiya nümayəndələridir ki, onların da hamısı siyahımızdadır. Bizim siyahımızda dindarlar, xəstələr, ömürlük həbs olunanların da adları var. Biz tövsiyyə edirik ki, bunların hamısını buraxın, birdəfəlik bu problemdən canımız qurtarsın”.
“O ki qaldı korrupsiya məsələsinə, Hüseyn Abdullayev korrupsiyaya görə içəri düşüb? O hakimiyyətin adamı idi və bizi mitinqlərdə döydürürdü. Mən onun xəstəliyinə görə adını salmışam ki, bu adam içəridə ölməsin. Eldar Həsənov da xəstədir. Eldar Həsənova da korrupsiya ilə bağlı böhtan atırlar, lakin o, ən gözəl səfirlərimizdən biri idi. Bu adam Azərbaycan qanunlarına riayət edib, ölkəmizi təbliğ edirdi.
Cahangirə gəldikdə isə mən dedim ki, onun siyahımızda adı yoxdur, çünki öz adamlarıdır, özləri tutub, özləri də buraxacaq. Mən, doğrudan da, Cahangirin adını verməmişəm”, - əlavə edib.
Həmsöhbətimizin fikrincə, o, xəstə, yaşı keçmiş və əməyi olan insanların azadlığa çıxmasını istəyir:
“Mən Eldar Həsənovun adını ona görə çəkmişəm ki, o, bu hakimiyyətə çox sadiq bir insan idi. Biz onunla görüşəndə də görürdük ki, bu hökumətə nə qədər iş görmüş bir adam olub, Azərbaycanı tanıtmışdı. Mənim üçün onun həbsi çox müəmmalı qalmışdı. O bizim yanımızda da Prezidentin təbliğatını aparırdı. Eldar Həsənov səfirlərin arasında ə nüfuzlu insan idi”.
Hüquq müdafiəçisi xatırlatma da edib:
“Ötən əsrin 90-cı illərində də bizim siyasi məhbuslarımız var idi. Biz onda Eldar Həsənovun yanında gedəndə o bizi normal qarşıyaıb bacardığı köməyi edirdi. O zaman biz siyasi məhbusların çoxunu Eldar Həsənovun əliylə buraxdırdıq.
Hüseyn Abdullayev isə xəstədir. Biz onun xəstəliyini nəzərə alırıq. Yoxsa vaxtilə onun qoçuları bizi mitinqlərdə ağacla döyürdülər. Anasının və özünün xəstəliyinə görə istəyirik azadlığa çıxsın”.