Bu barədə Bloomberg vəziyyətlə tanış olan rəsmilərə istinadən yazır.
Kremlə yaxın milyarderlər də daxil olmaqla, təxminən 1500 rusiyalını qara siyahıya salmaqla Aİ onlardan cəmi 20,9 milyard avro dəyərində aktiv tapa bilib.
Bloomberg mənbələri, 10-cu raund sanksiyalardan sonra rəsmilərin daha çox şey gözlədiyini söyləyirlər: 2019-cu ilə qədər Rusiya ilə əlaqəli birbaşa investisiyalar portfeli 136 milyard avro olaraq qiymətləndirilir.
Avropa rəsmiləri təxminən 100 milyard avronun harada olduğunu hələ də başa düşə bilmirlər, baxmayaraq ki, müharibəyə görə ilk sanksiyalardan bir ildən çox vaxt keçib.
Lüksemburq və Belçika hakimiyyəti tərəfindən milyardlarla dollar bloklanıb. Lakin ayrı-ayrı Aİ ölkələri cüzi məbləğdə aktivlərin dondurulduğunu bildirib. Belə ki, məsələn, Malta "qara siyahılar”a düşən şəxslərdən cəmi 222 min avro tapa bilib. Tanker donanması ilə Rusiya neftini daşımağa davam edən Yunanıstan isə 212 min avro olduğunu bildirib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Kristian Vinqand bildirib ki, aprel ayından bəri sanksiyaya məruz qalan rusiyalıların həm pul, həm də əmlakı - dəbdəbəli malikanələrdən tutmuş yaxtalara və incəsənət əsərlərinə qədər dondurulmuş aktivlərinin məbləği üç dəfə artıb.
Bununla belə, o, etiraf edib ki, məlumatlar Avropa ölkələrinin hökumətlərindən qeyri-bərabər gəlir və AK buna diqqət yetirir.
Müharibənin ilk günlərində sanskiya tətbiq edilmiş dövlət aktivlərinin - Rusiya Bankının yüz milyardlarla dollarlıq ehtiyatlarının axtarışında da çətinliklər yaranıb. Rusiya Mərkəzi Bankının öz hesabatlarına görə, Avropada saxladığı 258 milyard dollardan, fevral ayına qədər yalnız 33,8 milyard avro (36,4 milyard dollar) aşkar edilib və faktiki olaraq üzərinə həbs qoyulub.
Keçən ay Avropa Komissiyasının adından qiymətləndirmə aparan Aİ-nin hüquq xidməti xəbərdar edir ki, bu, Ukraynanın yenidən qurulması üçün Rusiya aktivlərindən istifadə imkanlarını sual altına qoyur.
ABŞ Maliyyə Nazirliyi cümə axşamı bildirib ki, Rusiya vətəndaşlarının Qərbdə dondurulmuş vəsaitlərinin ümumi məbləği 58 milyard dollara çatıb. Söhbət Kremlin elitaları, oliqarxları və əlaltıları ilə məşğul olan işçi qrupunun tapdığı məbləğdən gedir.
Maliyyə Nazirliyi qeyd edir ki, eyni zamanda, Ukraynaya cəmi 5,4 milyon dollar köçürülüb, yəni dondurulmuş vəsaitin 0,1%-dən az hissəsi. /Qaynarinfo