Putin Almaniyaya 6 milyard avro ziyan vurub

Putin Almaniyaya 6 milyard avro ziyan vurubQərb mediasında yayılmış xəbərlərə görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda Almaniya kansleri Angela Merkel Ukraynada sülhün bərqərar edilməsi müqabilində Rusiyaya Avropa ilə azad ticarət imkanı təklif edib.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır ki, Davos sammitindəki çıxışında xanım Merkel “Lissabondan Vladivostokodək azad ticarət məkanı"ndan danışıb.

Bununla belə, Angela Merkel xatırladıb ki, Rusiya Avropa İttifaqı ilə sərfəli ticarət sazişlərinə dair danışıqlara başlamazdan əvvəl Ukraynanın şərqində atəşkəsə dair Minsk razılaşmasındakı öhdəliklərinə əməl etməlidir.

Mətbuat yazır ki, xanım Merkelin vitse-kansleri Sigmar Qabriel Davosdakı çıxışında daha açıq danışıb.

“Növbəti addım, azad ticarət zonasının müzakirələridir. biz Rusiyaya çıxış yolu təklif etməliyik” - deyə S.Qabriel bildirib.

Krım məsələsində Rusiyaya güzəşt?

Rusiya iqtisadiyyatı hazırda Avropa İttifaqı və ABŞ-ın Ukraynaya görə qoyduqları sanksiyalar ucbatından böhranlı vəziyyətdədir.

Angela Merkel deyib ki, Krımın ilhaqına görə sanksiyalar qaçılmaz idisə də bu sanksiyalar Rusiya müəyyən şərtlərə əməl edərsə, qaldırıla bilər: “Təəssüf ki, biz bu mərhələyə hələ gəlib çıxmamışıq”.

Bir çox təhlilçilər xanım Merkelin bəyanatını belə yozurlar ki, “Krımın günahından keçilə bilər, təki Rusiya Ukraynadan əl çəksin”.

Lakin bütün hallarda bu, Qərb tərəfindən Vladimir Putinə sanksiyaların qaldırılnası üçün ilk realist təklifdir.

Analitiklər xatırladırlar ki, Rusiya Ukraynanın şərqindəki gərginliyi Kiyevin Avropa ilə assosiasiya sazişi imzalamasına gərə başlayıb, indi isə Rusiyanın özünə belə bir sazişdən faydalanmaq təklif edilir.

Təhlilçilər diqqəti belə bir məqama da çəkirlər ki, Rusiya və Avropa İttifaqı arasında azad ticarət barədə hələ 2010-cu ildə Vladimir Putin də söz açmışdı və maraqlıdır ki, “Lissabondan Vladivostoka qədər” çoğrafiyasını ilk dəfə olaraq o səsləndirmişdi.

Angela Merkel həmçinin öz müttəfiqlərinə Rusiyanı son dərəcə küncə sıxmamaq üçün Ukrayna ilə NATO-nun dərhal təcili qaydada yaxınlaşmasına can atmamağı məsləhət görüb.

Burası da var ki, xanım Merkel əvvəllər Ukraynanın NATO-ya üzvlüyü məsələsində barışmaz əks mövqe tutmuşdu.

Merkel Rusiyaya yanlış mesaj vermək istəmir

Bu da qeyd olunur ki, Angela Merkelin çağırışı təkcə Ukraynadakı münaqişəyə son qoyulması arzusundan irəli gəlmir və Almaniyanın öz iqtisadiyyatı da Rusiya ilə münasibətlərin gərginliyi üzündən çətinlik çəkir.

Almaniyanın “Rheinische Post” qəzeti xatırladır ki, 2014-cü ildə Almaniyanın Rusiyaya ixracatı 14 faiz azalıb, bu isə itirilən 6 milyard avro deməkdir.

Avropa İttifaqı Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin sədri Eckhard Cordes bildirib ki, Ukraynadakı böhran tezliklə çözülməzsə, 2015-ci ildə vəziyyət daha ağır ola bilər.

Bütün bunlarla yanaşı, Angela Merkel Rusiyaya münasibətinin yumşaldığı barədə yanlış yozulacaq mesaj verməmək üçün bir daha vurğulayıb ki, “Rusiya Avropanın təməl prinsiplərini tapdalayıb” və tənqidlərdən lazımi nəticə çıxarmazsa, sanksiyalar siyasətində heç bir dəyişiklik baş verməyəcək.






Fikirlər