“Dörd-beş aya F-16 qırıcıları Ukraynada olacaq” – “Ukrayna ordusu NATO-nun ən təcrübəli ordusudur”
“Başlanğıcıqda Ukraynanın əks-hücumunu bir qədər mülayim gördük. İnanıram ki, biz hələ real əks-hücum görməmişik. Gələcəkdə daha çox əməliyyat olacaq”. “AzPolitika.info” xəbər verir ki, bunu Çexiyanın Prezidenti, istefada olan general, 2015-2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri olmuş Peter Pavel “Radio Svoboda”ya müsahibəsində deyib. “İndiki mənzərəyə görə baş verənlər “formasiya əməliyyatları” - gələcək həlledici hücumların uğuruna şərait yaradan hərbi əməliyyatlar adlanır. Buna misal olaraq düşmənin geri çəkilə bilməməsi üçün körpülərin partladılmasını, arxadakı ehtiyyat qüvvələrinin, təchizatının məhv edilməsini göstərmək olar”, - o əlavə edib. P.Pavel xatırladıb ki, Ukraynanın əks-hücumuna hazırlıq aylar çəkib, o bunu tamamilə təbii hesab edir. “Çünki əhəmiyyətli silahlı qüvvələrin hazırlanması, onların təchiz edilməsi, təlim keçməsi, bütün növ resursların kifayət qədər əldə edilməsi çox vaxt aparır. Hazırlıq prosesi çoxlu resurs və iştirak edən bütün insanlardan çox güclü səy tələb edir”, - Çexiya Prezidenti vurğulayıb. General qeyd edib ki, bu şərtlər nəzərə alındığından yeni hücuma hazırlıq yenidən kifayət qədər vaxt aparacaq: “Qışda çox əlverişsiz hava şəraitini də nəzərə alsaq, bu il geri qaytarıla bilməyən ərazilərin azad edilməsini ən azı gələn ilin yazına qədər təxirə salmaq lazım gələcək. Beləliklə, mən bunu deyəcəyəm: bu ili Kiyev üçün bir fürsət pəncərəsi görürük. Nə olursa olsun, hər hansı bir fəaliyyətə başlamazdan əvvəl ən azı üç-dörd ay lazımdır. Məncə, bu düzgün yanaşmadır”. “Nəzərə alsaq ki, Qərb Ukraynaya silah tədarükü ilə bağlı şərtləri daim dəyişir - müdafiədən hücuma, orta mənzilli raketlərdən uzaqmənzilli raketlərə qədər - o zaman Qərb ordusunu Ukraynada görməyəcəyimizi qəti şəkildə istisna edə bilərsinizmi” sualını Çexiya lideri belə cavablandırıb: “Hesab edirəm ki, bu məsələ ilə bağlı mövqe əvvəlki kimi qalır. Fərqi yoxdur, NATO qoşunlarının əməliyyata əvvəldə və ya daha sonra qoşulması, hüquqi baxımdan eyni şeydir: hansı ölkə və ya ölkələr qrupu münaqişəyə qoşulursa, bu, tərifinə görə, NATO-nun Rusiya ilə müharibəyə getməsi demək olacaq. Düşünürəm ki, heç kim belə müharibə istəmir. Çünki Rusiya ordusunun və Rusiya dövlətinin bütün zəifliklərinə baxmayaraq, belə bir ssenaridə nüvə silahından istifadə ehtimalına qayıtmaq ehtimalı böyükdür. Moskva bunu dəfələrlə qeyd edib. Və buna görə də düşünürəm ki, hər bir normal siyasətçi yəqin ki, Ukraynaya NATO əsgərlərinin göndərilməsi variantını rədd edər”. Peter Pavel hesab edir ki, ukraynalılar F-16 və ya Qərb istehsalı olan digər qırıcıları əldə edə biləcək: “Hazırda gördüyümüz odur ki, Ukrayna pilotları üçün təlimlər başlayıb. Amma təəssüf ki, qırıcıda uçmağı öyrənmək tank və ya zirehli texnika ilə davranmağı öyrənməkdən daha çox vaxt aparır. Beləliklə, biz bu qırıcıların Ukrayna ərazisində istifadə edilməsinə dörd-beş aya qədər müddət qoya bilərik. Amma məncə, biz yəqin ki, bir sıra sahələrdə süründürməçiliyə yol vermişik və Ukraynanı bəzi silahlarla təmin etməyi gecikdirmişik. “Biz” deyəndə mən bu münaqişədə Ukraynanı dəstəkləyən bütün ölkələri nəzərdə tuturam. Mən fəxr edirəm ki, Çexiya bu ölkələr arasında deyildi - biz əvvəldən əlimizdən gələni vermişik. Ancaq bəzi ölkələr digərlərindən daha istəksiz davrandılar. Lakin münaqişə inkişaf etdikcə başa düşdülər ki, Ukrayna bu müharibədə uğur qazanana qədər onu dəstəkləməkdən başqa yol yoxdur. Buna görə də onlar, yəqin ki, əvvəldən vermək istəmədikləri texnologiyanı indi təqdim etməyə daha çox hazırdırlar. Biz bunu ağır tanklarlar, daha uzun məsafəli artilleriya sistemlərinin verilməsi məsələsində görmüşük. İndi pilotlarının hazırlığı ilə bağlı prosesləri müşahidə edirik. Beləliklə, bu təlim başa çatdıqdan sonra Ukraynaya verilməli olan F-16-lardan Ukrayna səmasını istənilən təcavüzdən daha yaxşı qorumaq üçün istifadə ediləcək”. Çexiya Prezidenti Ukrayna ordusunun NATO standartlarına uyğun transformasiyasını, eləcə də Qərb silahlarından istifadə qabiliyyətini olduqca yüksək qiymətləndirib: “Demək olar ki, əvvəldən Ukrayna hərbçilərinin yenidən hazırlanması prosesində iştirak etmişəm. Krımın ilhaqından sonra mən NATO Hərbi Komitəsinin sədri kimi ən azı üç-dörd dəfə Ukraynada olmuşam və Ukrayna ordusunun təkmilləşməsini müşahidə etmək imkanım olub. Ötən ilin fevralında - müharibə başlayandan sonra tərəqqi daha da sürətləndi. Ona görə də deyərdim ki, Ukrayna ordusu, şübhəsiz ki, NATO-nun ən təcrübəli ordusudur, çünki başqa heç bir orduda belə intensiv və irimiqyaslı əməliyyatlar təcrübəsi yoxdur. Ukrayna ordusu da son dərəcə möhkəmdir və yeni texnologiyaları tez öyrəndiyini sübut etdi. NATO ölkələri ukraynalı əsgərlərə təlim keçməyə başlayanda bəzi texnika növlərini öyrətməyin aylar çəkəcəyi güman edilirdi. Lakin məlum oldu ki, NATO əsgərləri aylar ərzində müntəzəm təlimlərdə öyrəndiklərini Ukrayna əsgərləri təzyiq altında həftələr ərzində mənimsəyiblər. Beləliklə, gördüyümüz mənzərə Ukraynanın hərbi imkanlarının həqiqətən yüksək səviyyədə artmasıdır”. General qeyd edib ki, Ukrayna ordusu üçün narahatlıq mənbələri də var. “Onlar çox sayda fərqli texnika ilə təchiz olunublar. Müharibə başa çatdıqdan sonra orduda sabitləşmə və texnikanın birləşdirilməsi prosesi olacaq. Amma bu texniki məsələdir. Daha vacib məsələ Ukrayna hərbçilərinin qətiyyəti, onların improvizə etmək, sürprizlərin öhdəsindən gəlmək bacarığıdır. İnanıram ki, Ukrayna hərbçiləri texniki baxımdan, prosedur nöqteyi-nəzərdən hələ hazır olmasalar belə, çox tezliklə hər şeyin öhdəsindən gələcəklər”, - P.Pavel vurğulayıb.